Ulu Öndərin xatirəsinə həsr olunan klassik musiqi gecəsi keçirilib

Ulu Öndərin xatirəsinə həsr olunan klassik musiqi gecəsi keçirilib

Bu gün Səbail Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına Dövlət Flamoniyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan klassik musiqi gecəsi keçirilib. SİA-nın xəbərinə görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan musiqili gecədə rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələri, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin, həmçinin Səbail rayonu ilə qardaşlaşmış ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonunun nümayəndələri, din və mədəniyyət xadimləri və digərləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə Onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərin artırılması, sözügedən musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanları, bir sözlə siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərlərinin səsləndiyi bu gecələrdə Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Daha sonra Ümummilli Liderin doğum günü ərəfəsində Onun əziz xatirəsinə ehtiram olaraq həm ötən əsrin 70-ci illərin klassik musiqi gecələrini əks etdirən, həm də Ulu Öndərin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub. Səhnədəki monitorlarda Ulu Öndər Heydər Əliyevin portreti canlandırılıb. İlk olaraq Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Orkestrinin ifasında maestro Niyazinin "Rast" simfonik muğamı səslənib.

Sonra Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Soltan Hacıbəyov, Asəf Zeynallının ölməz əsərləri respublikanın xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova və İlham Nəzərovun ifalarında səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə