Gənc tarzənlərin konserti olub FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində "Müasir Azərbaycanın gənc tarzənləri" adlı konsert keçirilib. SİA-nın məlumatına görə, tədbir "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsidir. Tədbir aparıcının tamaşaçılara Azərbaycan tarının tarixini, təkmilləşmə prosesi barəsində məlumatı ilə start götürüb. Azərbaycanın məşhur tarzənləri Sadıqcan, Adil Gəray Məmmədbəyli, Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Əliağa Quliyev, Allahyar Cavanşirov, Hacı Xanməmmədov, Həbib Bayramov, Əhsən Dadaşovun, müasir tarzənlərdən isə Ramiz Quliyev, Möhlət Müslümov, Firuz Əliyev, Zamiq Əliyev, Adil Bağırov, Ağasəlim Abdullayevin tarımızın dünya şöhrəti qazanmasında müstəsna xidmətlərindən danışılıb.

Milli Konservatoriyanın tələbələri İbrahim Babayev, Mircavid Cəfərov, Şamil Ömərli, Rəhilə Məhərrəmova, Zaur Rzayev, Səxavət Məmmədov, Nurlan Cəbizadə, İsmayıl Zülfüqarov, Tofiq Məmmədov, Rüfət Mustafayev uğurla çıxış ediblər.

Onların ifasında A.Məlikovun "Prelüd", V.Adıgözəlovun "Bakı", F.Şopenin "Noktürn № 20", H.Vəkilovun "Çılğın rəqs", H.Rzayevin "Rəqs-tokkata" əsərləri, "Orta mahur", "Bayatı-Şiraz", "Xaric Segah", "Çahargah", "Zabul" muğamları səslənib.

Tədbirin sonunda bütün tarzənlər birlikdə S.Ələsgərovun "Daimi hərəkət" əsərini ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə