V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak üçün sənədlərin qəbulu davam edir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 28 sentyabr 2017-ci il tarixində 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq. SİA-nın məlumatına görə, 28-30 sentyabr tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması ilə yanaşı, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçirilir.
İştirakçı müəssisələr tərəfindən nəşr məhsullarının nümayişi ilə yanaşı, satışı da təşkil edilir.
Sərgi-yarmarkanın son günü iştirakçılar (müəssisələr) arasından seçilmiş qaliblərə "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" mükafatları təqdim olunur.
Cari ildə sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 14 avqust 2017-ci il tarixinədək sərgi-yarmarkanın Təşkilat Komitəsinə təqdim olunmalıdır.
Sərgi-yarmarkaya iştirakçı kimi qatılmaq istəyənlər (nəşriyyat, kitab evi, kitabxana, səfirlik, yaradıcı birlik və s.) iştirak sənədlərini Təşkilat Komitəsindən çap və ya elektron variantında əldə edə bilərlər (tel.: (012) 493 06 80, e-mail: [email protected]).
Sizi də bu böyük kitab bayramının iştirakçısı və izləyicisi olmağa dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB