Bakı Şopinq Festivalı "Baku Guide" jurnalında

Aprelin 10-da paytaxtımızda başlayacaq ilk Ticarət festivalı ("Baku Shopping Festival") xarici turistlərə və yerli sakinlərə bir ay ərzində sərfəli ticarət imkanları yaratmaqla yanaşı, geniş mədəni proqram, tarixi məkanlara ziyarət və rəngarəng əyləncələrlə dolu mənalı istirahət də vəd edir. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun aprel buraxılışının da əksər səhifələri Bakı Şopinq Festivalına həsr edilib. Xatırladaq ki, ölkə başçısının "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama əsasən keçirilən festivalın təşkili nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.

Üç dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan bələdçi kataloqunun bu sayında Bakı Şopinq Festivalı haqqında ətraflı məlumat, festival günlərində paytaxt teatrlarının repertuarı və ayrı-ayrı tamaşaların anons-təqdimatı, konsert müəssisələrinin proqramları, kino mərkəzi və sinema zallarında nümayiş olunacaq filmlərin afişası, muzeylərdə, sərgi salonlarında şəhər sakinlərini və qonaqları gözləyən maraqlı tədbirlər, tarix-mədəniyyət qoruqlarına ziyarət və s. ilə bağlı dolğun materiallar dərc olunub.

Onu da qeyd edək ki, "Baku Guide" bu buraxılışından etibarən paytaxtın tarixi-mədəni məkanlarını ziyarət etmək istəyənlərin işini asanlaşdırmaq, gedəcəkləri marşrutları müəyyən etmək üçün müvafiq səhifələrdə smart telefon və digər mobil cihazlarla "oxunan" xüsusi mobil naviqasiya əlavələri də təqdim edir.

Ənənəvi olaraq aprel ayında paytaxtımızda turizm sektorunun ən böyük tədbiri - Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisi (AİTF) keçirilir. 6-8 aprel tarixini əhatə edən sayca 16-cı sərgi - AİTF 2017 haqqında məlumat, Bakı Ekspo Mərkəzində keçiriləcək təqdimat və tədbirlər haqqında məlumat da nəşrin bu sayında yer alıb.

Kataloqunun aprel sayında həmçinin ötən ay Novruz təntənələri ilə bir arada qeyd edilən və müxtəlif ölkələrdən gəlmiş çoxsaylı turistlərin həvəslə qatıldıqları tədbirlər – ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun təşkil etdiyi Novruz festivalı, İçərişəhərdə gerçəkləşən ənənəvi beynəlxalq "Bahar qalası" festivalı haqqında təəssürat qeydləri yer alıb.

Ölkəmizə gələn xarici qonaqların maraq göstərdikləri xatirə və hədiyyəlik əşyalar arasında kəlağayılar xüsusi yer tutur. Azərbaycan kəlağayıları geyim üçün dəb aksessuarı kimi də turistlər arasında populyardır. "Kəlağayı – zəriflik simvolu" yazısı naxışlı ipək yaylıq haqqında bilgi almaq istəyənlərə bələdçilik edəcək.

May ayında Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. İyunda isə paytaxtımız Formula-1 üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edəcək. Bələdçi kataloqunda hər iki möhtəşəm idman yarışına hazırlıq, bu tədbirlərin xalqlar arasında əlaqələrə, mədəni irsimizin təbliğinə və bu vəsilə ilə turizm əlaqələrinin inkişafına töhfəsi barədə söz açılır.

Bu ildən ölkəmizə gəlmək istəyən turistlər üçün tətbiq olunan mühüm yenilik - "ASAN Viza" xidməti, eləcə də keçən ildən tətbiqinə başlanılan "Tax free" sistemi və onun şərtləri barədə material da əcnəbi qonaqların diqqətini çəkəcək.

Paytaxtımızı yaxından görüb tanımaq istəyənlər Mədəniyyət və Turizm Nazirliyin nəzdində fəaliyyət göstərən "Baku City Tour", şəhər turunun marşrutu və dayanacaqları, göstərilən xidmətlər barədə məlumatla tanış ola bilərlər.

"Azərbaycan mətbəxi" rubrikasında isə bu dəfə əcnəbi oxuculara milli mətbəximizin ləzzətli təamlarından olan tava kababın hazırlanma qaydasından bəhs olunur.

"Turistlər üçün informasiya" bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Turizm agentləri, aviakassalar, hotel, restoran, ticarət və əyləncə məkanları, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. məlumatlar da kataloqda əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...