“Turizm və səyahətlər” sərgisi açıldı FOTOLAR

Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisinin (AİTF) açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İteca Caspian" və onun tərəfdaşı "İTE Group plc" (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AİTF sərgisinin artıq 16 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda lider olduğunu vurğuladı. Qeyd etdi ki, hər il bu sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyarət edir və bununla turizm sənayesinin inkişafına diqqət və qayğısını nümayiş etdirir. Bildirildi ki, ildən-ilə marağın artdığı bu sərgiyə hər il yeni-yeni iştirakçı ölkələr qatılır: "Bu gün dünyada turizm sənayesi iqtisadiyyatın əsas sahələrindən biri kimi inkişaf etməkdədir. Ölkəmizdə də bu sahədə böyük işlər görülür. Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olaraq 2016-cı ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub".

Nazir qeyd etdi ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri aparılır: "Bizim Türkiyə, Rusiya, ərəb və Avropa ölkələri üzrə turizm təmsilçiliklərimiz fəaliyyət göstərir. Son illər ərzində Azərbaycana gələn turistlərin sayı da artımaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. Elektron viza sisteminin tətbiqi və "ASAN Viza" (www.evisa.gov.az) portalının istifadəyə verilməsi əhəmiyyətli rola malikdir. İndi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı "ASAN Viza" sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et, e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilirlər. Bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur".

Nazir vurğuladı ki, 2017-ci ildə də Azərbaycana gələn turistlərin sayında artım olacağı gözlənilir. Belə ki, bu ilin ilk 3 ayının statistikası bizə deməyə əsas verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xarici turist səfərləri 25 faizdən çox artıb. Milli Turizm Təbliğat Bürosunun bu il Novruz bayramı ərəfəsində təşkil etdiyi Novruz festivalı həm yerli sakinlər, həm də xarici turistlərin marağına səbəb olub.

Əbülfəs Qarayev qeyd etdi ki, hazırda Azərbaycanda turizm sənayesinin inkişafı üçün yeni proqramlar, yeni layihələr icra olunur. Bildirildi ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür: "Ötən ilin sonundan Azərbaycan Turizm Şurası fəaliyyətə başladı. Şuranın yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir".

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndən söz açan nazir diqqətə vurğuladı ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yeri bu sahədə yeni nailiyyətlər əldə edilməsinə gətirib çıxarıb. 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq.

Əbülfəs Qarayev diqqətə çatdırdı ki, Azərbaycan bu gün mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. Ölkəmiz son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Bu il ölkəmiz aprelin 10-dan mayın 10-dək "Shopping festival", mayın 12-dən 22-dək IV İslam Həmrəyliyi Oyunları, 23-25 iyun tarixində "Formula 1" Azərbaycan Qran-pri yarışlarına ev sahibliyi edəcək. Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi xarici turist axınına da öz müsbət təsirini göstərir. Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var.

Əbülfəs Qarayev çıxışının sonunda AİTF sərgisinin işinə uğurlar arzuladı.

"İTE Group plc" şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək tədbirə qatılmasından məmnunluğunu bildirdi, sərgi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sərginin iştirakçıları arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, müalicəvi və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

Diqqətə çatdırıldı ki, sərgidə 17 ölkə öz milli stendi ilə iştirak edir. Sərgidə Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın milli stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən regional stendlər yer alıb. Ümumilikdə, sərgiyə 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqaməti təqdim olunur. Hər il sərgi iştirakçılarının tərkibinə həm Azərbaycanı, həm də xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Bu il ilk dəfə olaraq Kolumbiya və Kuba Azərbaycandakı səfirliklərinin dəstəyi ilə sərgidə milli stendlə iştirak edir. Regional stendlər arasında Dağıstan, Kazan (Rusiya) və Odessa (Ukrayna) debüt edir. Sərgidə kurortlar, turizm şirkətləri, mehmanxana şəbəkələri və hava yollarının nümayəndələri milli və regional stendlərdə öz xidmətlərini təklif edəcəklər. Xarici iştirakçılar arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debütant şirkətlər də yer alır.

Edvard Stroon vurğuladı ki, sərgi stendlərində tibbi turizm və Bakıda keçiriləcək "Shopping festival" barədə də ətraflı məlumat veriləcək. Həmçinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin keramika, zərgərlik, batika kimi əl işləri sərgisi qonaqların marağına səbəb olacaq.

Çıxışlardan sonra nazir Əbülfəs Qarayev və digər rəsmilər sərginin ekspozisiyası ilə tanış oldular. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun, nazirliyin "Mədəniyyət.AZ" jurnalının nümayiş olunduğu stendlərə də baxış keçirildi.

Qeyd edək ki, sərgi aprelin 8-dək davam edəcək. Ekspozisiya sərginin ilk iki günü yalnız peşəkarlar, ayın 8-də eyni zamanda turizm həvəskarları üçün də açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...