“Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı keçirilib SƏS TV
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarix Muzeyində "Azərbaycanlıların soyqırımı" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıb. O, bildirib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalıb: " Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada "Böyük Ermənistan" yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.
Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətlə dini stategiya müəyyənləşdi.
Hazırda Prezident İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət Başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib, möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır. Ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir.
Bu gün də təqdim etdiyimiz kitab 31 mart Azərbaycanlıların Soyqırım gününə həsr olunub. "Azərbaycanlıların soyqırımı" kitabının ideya müəllifi mənə məxsusdur. İnanıram ki, bu kitab vasitəsi ilə bir çox naliyyətlərə imza atacağıq"
Daha sonra tədbirdə söz alan YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev , Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışaraq qeyd ediblər ki, çap olunmuş kitab uzun illər boyunca mənfur qonşularımızın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Kitab gələcək nəslin tariximizi daha dərindən öyrənmələri, onların maarifləndirilməsi istiqamətində mühüm rol oynayacaqdır. Hər bir faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.
Tədbirdə 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürüb. Təklif razılıqla qarşılanıb və növbəti ildə kitabın ingilis dili variantının hazırlanaraq təqdimatının keçirilməsi və kitabın beynəlxalq ictimaiyyətə çatdırılması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB