Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin "Ünvansız qatar" pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub. SİA-nın məlumatına görə, əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tamaşanın nümayişindən əvvəl əsərin müəllifi Əli Əmirli, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov və quruluşçu rejissor Bəhram Osmanov tamaşanın premyerasının 31 mart – Azərbaycanlıların Soyqırımı günündə baş tutmasının təsadüfi olmadığını bildiriblər.
Mübariz Həmidov yeni tamaşanın Qarabağ dərdi, qaçqınlıq faciəsindən bəhs etdiyini diqqətə çatdırıb. "Müraciət etdiyimiz bu əsər ata-baba yurdundan ilk olaraq didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir. Peşəkar dramaturq Əli Əmirlinin qələminə məxsus bu tamaşa inanıram ki, müəllifin digər əsərləri kimi repertuarımızda özünə möhkəm yer tutacaq"
Sonra tamaşa təqdim edilib. Əsərdə Qarabağın işğalı və məcburi köçkünlərin evlərini, yurdlarını qoyub Bakıya üz tutmaları fonunda başlarına gələn hadisələr yer alıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssam Sona Qarayeva, rejissorları Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistentləri Tacəddin İmanov və Sona Mustafayevadır. Tamaşada Əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Zülfiyyə Alhüseynova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova və başqaları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB