Səməndər Rzayevsiz 31 il FOTOLAR

Bu gün Azərbaycan teatr və kinosunun görkəmli sənətkarı, əməkdar artist Səməndər Rzayevin anım günüdür. Beynəlxalq Teatr Günündə dünyasını dəyişən sənətkarın vəfatından 31 il ötür. SİA-nın məlumatına görə, Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin kursunda dərs alıb.

Akademik Milli Dram Teatrında çalışıb və ömrünün son gününə kimi bu teatra sadiq qalıb. Səməndər daxilən azad sənətkar idi. O ürəyi tutmayan rolları oynamazdı. "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı" Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir.

Teatrda bir-birinin ardınca uğurlu rollar oynayır, hər dəfə tamaşaçını heyrətləndirirdi, amma özü də, ətrafdakılar da görürdülər ki, hər gün bir addım geri gedir Səməndər Rzayev. Sənətdə irəli, fiziki cəhətdən geri. Artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə salan Səməndər deyildi, nəfəsi güclə gəlirdi, o qədər arıqlamışdı ki, onu görən kimi xəstə olduğunu hiss etmək asan idi. Qara ciyər hədsiz içkiyə davam gətirə bilmirdi.

Bütün ömrü boyu çalışdığı Dram Teatrının səhnəsində "Sizi deyib gəlmişəm" tamaşasında Xudayar bəyi oynayırdı. Tərəf-müqabili Səidə Quliyeva danışır ki, çox möhtəşəm bir səhnəmiz vardı, tamaşanın canı olan bu səhnədə mən Səməndəri sillə ilə vururdum: "Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü". İki gün sonra "Közərən ocaqlar" tamaşasında oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə gəlib Səməndər Rzayev. Onun üçün bilet alıb gələn tamaşaçısını məyus etmək istəməyib. Bu onun səhnədə son rolu olub.

Səməndər Rzayev 1986-cı il martın 27-də Bakı şəhərində vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə