Türkiyəli qonaqlar Xətai Sənət Mərkəzində olublar

Türkiyəli qonaqlar Xətai Sənət Mərkəzində olublar

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan bir qrup tanınmış jurnalist bugün Xətai Sənət Mərkəzində əl işlərindən ibarət rəsm əsərləri və sərgilərlə tanış olublar.

Mərasimdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Türk Ocaqları Antaliya şöbəsinin başkanı, Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Türk Ocaqları Dərnəyi Antalya şöbə başqanı Abdullah Usal və digər rəsmi şəxslər iştirak edib.

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədən ölkəmizə qonaq gələn mətbuat yetkililəri, onların rəhbəri olduğu qurumlarla gələcək əməkdaşlıq perspektivindən danışıb. Millət vəkili həm Azərbaycanın, həm də Türkiyənin güclü dövlətlər kimi regionda böyük nüfuza malik olduqlarını diqqətə çatdıraraq, iki güclünün əbədi birliyi qarşısında yadelli düşüncənin tab gətirə bilməyəcəyini söyləyib. Qənirə Paşayeva bütün münasibətlərin qorunaraq, inkişaf etdirilməsində medianın mühüm əhəmiyyət daşıdığını bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu da çıxış edərək qonaqları ölkəmizdə görməkdən məmnunluq ifadə edib. O bildirib ki, mətbuat həm siyasi, həm mədəni, həm hümanitar münasibətlərə xələl gəlməsinin qarşısında sipər olmalıdır.

Türkiyəli qonaqlar da səfər çərçivəsində yaşadıqları təəssüratları bölüşüblər. Qardaş Azərbaycan mətbuatı ilə sıx əlaqədə olduqlarını bu əlaqələrin nümunə kimi beynəlxalq mətbuat aləminə çıxarılmasının məqsədəuyğun olduğunu bildiriblər.

Çıxış edən hər bir natiq qeyd edib ki, Türkiyə dövləti ilə Azərbaycan dövlətinin qardaşlığı ölkələrin bütün sahələrini eyni səviyyədə əhatə etməli və məhz mətbuat bu bağların qırılmaz olduğuna çalışmalıdır.

Sonda rəsm əsərləri ilə yaxından tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə