Naxçıvanda Milli Teatr Günü qeyd olunub

Naxçıvanda Milli Teatr Günü qeyd olunub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-nun ölkəmizdə Milli Teatr Günü kimi qeyd edildiyini bildirib.

Vurğulanıb ki, mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatrımız ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə böyük inkişaf yolu keçib, teatrlara xüsusi diqqət və qayğı göstərilib, aktyor və rejissorların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Natəvan Qədimova diqqətə çatdırıb ki, muxtar respublikada da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Müstəqillik illərində muxtar respublikada fəaliyyət göstərən teatrların yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, bu kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçısına çevriliblər.

Qeyd olunub ki, muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi yüksək səviyyədə qeyd edilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında" 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən, ötən il Naxçıvan teatrının yaradıcılarından olan görkəmli şəxsiyyətin yubileyi qədim diyarımızda geniş qeyd olunub. Teatr sahəsində çalışan yaradıcı insanlar hər il Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli Sərəncamına əsasən bir qrup teatr xadiminə fəxri adlar verilib ki, onların arasında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Tofiq Seyidov və Şərur Rayon Xalq Teatrının rejissoru Neymət Sultanov da var.

Sonra səhnədəki ekranda Naxçıvan teatrının 100 illik yubileyindən çəkilmiş kadrlar nümayiş etdirilib. Səhnəyə çıxan aparıcılar Azərbaycan teatrının şərəfli inkişaf yolundan danışaraq, Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" əsəri ilə Naxçıvan teatrının əsasının qoyulduğunu bildiriblər. Teatrın aktyorlarının ifasında həmin komediyadan bir səhnə göstərilib.

Tədbirdə aparıcılar qədim diyarımızda fəaliyyət göstərən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının uğurlarından da söhbət açıblar və bildiriblər ki, bu sənət ocağı teatrsevərlərin görüşünə Nağı İsmayılzadənin "Ağca və Bozca" tamaşasından bir səhnə ilə gəlib.

Naxçıvanda fəaliyyət göstərən ən gənc teatrlardan olan Naxçıvan Dövlət Uşaq Teatrının da son illərdə hazırladığı tamaşalardan söhbət açılıb. Naxçıvan Dövlət Uşaq Teatrının ifasında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlının "Nadan xoruz" tamaşasından səhnə də marağa səbəb olub.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı Xalq yazıçısı Elçinin "Arılar arasında" komediyasından da bir parça göstərilib.

Tədbirin sonunda aktyorlar "Mən aktyoram" mahnısının sədaları altında canlandırdıqları obraz və personajların geyimində səhnəyə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə