Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il martın 1-də imzaladığı Sərəncama əsasən, hər il martın 10-u ölkəmizdə "Milli Teatr Günü" kimi qeyd edilir. 1883-cü il mayın 11-də dövrünün mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur "Zaviyyə" məhəlləsindəki evində Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası səhnələşdirilməklə Naxçıvan teatrının əsası qoyulub, ötən dövrdə teatr şərəfli inkişaf yolu keçib.
Naxçıvan teatrının salnaməsini vərəqlədikcə fədakar və mübariz insanların xatirəsi gözlərimiz önündə canlanır. Bu məfkurə və əməl dostlarının başında duranlar – Eynəli bəy Sultanov və Cəlil Məmmədquluzadə dram əsərləri yazmaqla bərabər, həm də rejissorluq edir, teatr təşkilatçılığı ilə məşğul olur, teatrın inkişafı üçün zamanın sərt sınaqlarına qatlaşırdılar.
XIX əsrin əvvəllərində Bakıdan Naxçıvana gələn Azərbaycan teatrının qüdrətli sənətkarlarının Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşa göstərməsi, öz həmkarlarına mənəvi dəstək verməsi, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə təsir etməsi, dərin mündəricəli əsərlərin tamaşaya qoyulması ilə yanaşı, həm də milli teatr tariximizdə əməl və məfkurə dostluğunun, sənət fədailiyinin ən gözəl nümunələri idi. Bütün bunlar Naxçıvan teatrına öz repertuarını zənginləşdirmək imkanı qazandırmışdı. Naxçıvan teatrı Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, İslam Səfərli kimi sənətkarların əsərlərinə müraciət edərək püxtələşib. Həmçinin teatrın kollektivi müxtəlif illərdə Vilyam Şekspir, Lope de Veqa, Qothold Lessinq, Henrik İbsen, Əziz Nesin, Nazim Hikmət, Çingiz Aytmatovun da əsərlərini tamaşaya qoyub, teatrsevərləri dünya klassiklərinin yaradıcılığı ilə tanış edib.
Ümummilli liderimiz Heydər Əliyev deyib: "Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır".
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli teatrımız əsl inkişaf və intibaha qovuşub, maddi-texniki bazası gücləndirilib, peşəkar aktyor və rejissor kollektivi formalaşıb. Müstəqillik illərində isə Ümummilli Liderimizin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə böyük uğurlar qazanılıb. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılıb, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, onların əməyi qiymətləndirilib. Teatr kollektivlərinin əməkhaqları artırılıb, aktyorların, rejissorların, dramaturqların yubileyləri geniş qeyd edilib, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənib.
Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilib, teatr binaları yenidən qurulub. 2006-cı ildə qəbul olunmuş "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: "Dünya ədəbi fikrinə qüvvətli təsir göstərən ölməz ədib və mütəfəkkirlərin zəngin yaradıcılıq ənənələri ilə sıx bağlı olan Naxçıvan teatrı daim yeniliyə can atmış, mədəni inkişafın carçısı olmuş, geniş maarifçilik işi görmüş, cəhalət və yeniliyi qamçılayaraq muxtar respublikada mədəni-ictimai fikrin formalaşmasına öz təsirini göstərmişdir".
Son illər Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Naxçıvan teatrı Türkiyənin Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İranın Təbriz, Maku, Urmiya şəhərlərində qastrol səfərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanıb, istedadlı aktyorlarımız geniş tamaşaçı sevgisi qazanıblar.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının son 20 ildə tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Hökmdar və qızı", "Nadir şah", "Qönçəbəyimin nəğməsi", "Mirzə Cəlil taleyi", "Yəhya bəy Dilqəm", "Araz sahilində doğan günəş", "Ağa Məhəmməd şah Qacar", "Mirzə Fətəli", "Əlincə qalası", "Koroğlunun Çənlibelə qayıdışı", "Qurtuluş dastanı", "Ah Paris, Paris!..", "Mənim ərim dəlidir", "Dəlixanadan dəli qaçıb", "Kuklalar evi", "Arılar arasında" kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyini göstərir.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyəti boyunca yüksək qayğı ilə əhatə olunub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il oktyabrın 4-də imzaladığı Sərəncam ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarıb. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Ötən il xalq teatrlarının "Kamança", "Ac həriflər", "Xəcalət", "Şöhrət ardınca", "Ezop", "Ər və arvad", "Unuda bilmirəm", "Qəşəmin yuxusu", "Dələduz" kimi tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Son illər Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan "Naxçıvan teatrının salnaməsi" bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapıb.
Teatr o zaman davamlı inkişaf yolunda olar ki, orada gənc aktyorlar nəsli yetişsin. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti ixtisası yaradılıb. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapırlar.
Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdünə və mükafatlara layiq görülüblər.
Teatrlarımız bu gün də ictimai şüurun aparıcı qüvvəsi kimi ön cəbhədədir. Milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizi yaşatmaq məramını teatrlarımız bundan sonra da uğurla davam etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB