Nazir Karin Ştrens ilə görüşüb FOTO

Nazir Karin Ştrens ilə görüşüb FOTO

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Almaniyaya səfəri çərçivəsində görüşləri davam edir. SİA-nın məlumatına görə, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrens ilə görüş baş tutub. Görüşdə Almaniya-Azərbaycan əlaqələri, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin qeyd edilməsi və s. məsələlər barədə ətraflı müzakirələr aparılıb. Nazir dövlət başçısının dəstəyi ilə ölkəmizin dünyada mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə olmasını vurğulayaraq xanım parlamentarini ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli tədbirlər barədə də məlumatlandırıb. Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın mədəniyyətinə vurulmuş ziyan xüsusilə qeyd edilib. Yekunda xanım Karin Ştrens həmçinin cari ilin 5-6 may tarixində Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edilib.

Əbülfəs Qarayevin İTB Berlin sərgisində Azərbaycan stendinin açılışında, həmçinin, bu sərgi çərçivəsində 8 mart tarixində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı da planlaşdırılır.

Xatırladaq ki, nazir Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak, həmçinin Almaniya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişafı məqsədilə Berlin şəhərində səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə