Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Yazıçılar Birliyi (AYB), Mədəniyyət və Turizm Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Buzovna qəsəbə Mədəniyyət Evində AYB-nin Xəzər bölməsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yeni açılan bölməni yüksək qiymətləndirib və onun işinə uğurlar arzulayıb. Bildirib ki, bölmənin açılmasında əsas məqsəd Bakı və Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən şair və yazarları bir araya gətirmək və onlar arasında ünsiyyəti möhkəmləndirməkdir. Həmçinin bölmənin fəaliyyəti struktur orqanla yazarlar arasında əsas əlaqələndirici mövqe rolunu oynayır.

Qeyd olundu ki, AYB-nin 17 bölməsi fəaliyyət göstərir. Bunların sırasına yerli regional bölmələrlə yanaşı, Moskva və İsraildə fəaliyyət göstərən filiallar da daxildir.

Tədbirdə AYB-nin müşaviri Rauf Aslanov birliyin sədri, Xalq yazıçısı Anarın adından yeni yaradılan bölmənin işinə uğurlar arzulayıb.

Açılış mərasimində Xəzər rayon icra hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov bölmənin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib və bildirib ki, vaxtilə rayon ərazisində fəaliyyət göstərən Yazıçılar evi Azərbaycan ədəbiyyatında sanballı əsərlərin yaranmasına birbaşa təsir göstərib. Belə ki, ötən əsrin məşhur ədəbi nümunələrinin əksəriyyətinin sonluğuna nəzər salsaq Buzovna-Bakı və əsərin yazıldığı tarixə rast gəlirik. Bu isə bir daha sübut edir ki, Xəzərin sahili yazıb yaratmaq üçün həmişə bir mənbə rolunu oynayıb və bu doğmalıq davam edəcək.

Yazıçı Soltan Əlizadə, Kənan Hacı, şairə Gülarə Munis və digərləri çıxışları zamanı bildiriblər ki, Azərbaycan ədəbiyyatı ədəbi tariximizin bizə bir əmanətdir. Xəzər bölməsi bu əmanəti layiqincə qoruyaraq gələcək nəsillərə ötürməyə çalışacaq. Gənc ədiblərin tanıdılmasına, onlara şərait yaradılmasında bölmənin də rolu danılmaz olacaq.

Sonda AYB-nin və bölmə üzvlərinin qərarı ilə şair Arif Buzovnalı Xəzər bölməsinin sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə