Özbəkistanda “Müasir Azərbaycan poeziyası antologiyası”

Özbəkistanda “Müasir Azərbaycan poeziyası antologiyası”

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki "Extremum-press" nəşriyyatı "Müasir Azərbaycan poeziyası antologiyası" kitabını özbək dilində çap edib. SİA-nın məlumatına görə, kitabı orjinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar, tərcüməçilər Şəhla Qasımova və Samodil Norkabilova çevirib.

Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, tərtibçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.

Kitab Şəhriyarın "Heydərbabaya salam" poeması ilə açılır. Sonra Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Qənirə Paşayeva, Sona Vəliyeva və gənc şairlərin şerləri verilib. Ümumiyətlə topluda 73 Azərbaycan şairinin şerləri çap olunub.

Xatırladırıq ki, son vaxtlar AMM-nin layihəsi ilə Daşkənddə özbək dilində çoxlu kitab çap edilib.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"si (Olimcon Buriyevin tərcüməsi) Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması (Xalq Şairi Camal kamalın tərcüməsi), Anarın "Mən, sən, o və telefon" kitabı, tarixi romanlar müəllifi Yunus Oğuzun "Əmir Teymur", "Şah arvadı və cədugər", "Sultan Alp Arslan" romanları və digər əsərləri göstərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə