Məşhur stilist muzeydə FOTOLAR

L.və M.Rostropoviçlərin ev muzeyinə Rusiyanın məşhur moda-dizayneri, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, sənətşünas, teatr rəssamı, interyer dekoratoru Aleksandr Vasilyev gəlib. SİA-nın məlumatına görə, onunla birliktə özünün rəhbərliyi altında olan moda məktəbinin 21 nəfər nümayəndəsi və eyni zamanda rusiyanın məşhur yazıçı-aparıcı və jurnalisti İqor Obolenskiy gəlib.

L.və M.Rostropoviçlərin ev muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Şeyla Heydərova gələn mötəbər qonaqlar üçün maraqlı ekskursiya keçib. M.Rostropoviçin həyat və yaradıcılığından, Qalina Pavlovna ilə Maestronun maraqlı xatirələrindən, münasibətlərindən, Bakıya gəlişlərindən söhbət açıb. O, xüsusilə,2017-ci il Rostropoviçlərin yubiley ili olduğunu, M.Rostropoviçin 90, L.Rostropoviçin 125 yaşı tamam olacağın qonaqların nəzərinə çatdırıb.

Daha sonra qonaqlara muzeyin zəngin fondunda olan M.Rostropoviçin həyat və yaradıcılığını, Bakıya gəldiyi illəri əks etdirən fotoşəkillərdən ibarət slayd-şou təqdim edilib. Ekskursiya zamanı M.Rostropoviçin həyat yoldaşı SSSR-nin Xalq artisti, kamera və opera müğənnisi Qalina Vişnevskaya ilə birgə çıxışından musiqi nömrələri səsləndirilib.

Bildirmək istəyirik ki, Maestro və Bakıya həsr edilmiş,Azər Əliyevin rejissorluğu ilə ərsəyə gəlmiş "Bizdə hər şey var" adlı sənədli film gələn qonaqların daha çox marağına səbəb oldu.

Ekskursiyanın sonunda A.Vasilyev maraqlı, qeyri-adi ekskursiyaya və isti münasibətə görə direktora təşəkkür edib və təəsüratlarını rəy kitabında bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə