“Odlar Yurdu Azərbaycan” Kubada

Kubanın Havana televiziya kanalı "Odlar Yurdu Azərbaycan" sənədli filminin çəkilişlərinə başlamaq niyyətindəir. SİA-ya ölkəmizin Kubadakı səfirliyindən verilən məlumata görə, film Azərbaycanla Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə həsr olunacaq. Havana kanalının "Mədəniyyət xəbərləri" buraxılışında efirə getmiş reportajda bildirilib ki, Azərbaycanın mədəniyyətinə həsr ediləcək 10 hissədən ibarət sənədli filmin birinci hissəsi xalqımızın əziz bayramı olan Novruz şənliklərinə və onun mətbəxinə, qədim adətlərinə həsr ediləcəkdir. Məlumatda Novruz bayramı ilə əlaqədar xalqımızın yaşatdığı adətlərdən, bayram çərşənbələrinin rəmzi mənaları və inanclarından bəhs edilib. Reportaj zamanı Novruz bayramının beynəlxalq əhəmiyyətindən bəhs edilərək vurğulanıb ki, BMT Baş Assambleyasının qərarı ilə 2010-cu ildə Beynəlxalq Novruz Günü təsis edilib və bu bayram 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına əlavə olunub. Bilidirilib ki, layihə çərçivəsində martın 21-dək hər çərşənbə axşamı növbəti bayram çərşənbələrinin adətləri haqda izləyicilərə ardıcıl məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə