Koordinatorlarla Nazirlikdə görüş

Nazir müavini Sevda Məmmədəliyeva ilə Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının koordinatorları Tim Vilyams, Raqnar Siil, Simon Ellis, Britaniya Şurasının (British Council) Azərbaycan üzrə ofisinin əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov arasında Nazirlikdə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı "Mədəni İnkişafa dair Göstəricilər Toplusu" (Culture İndicators) layihəsinin inkişafı müzakirə edilib.

Nazir müavini Sevda Məmmədəliyeva həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Nümunə olaraq, Britaniya Şurasının təşkil etdiyi Teatr HD layihəsinin Bakıda çox maraqla qarşılandığını bildirib. Sevda Məmmədəliyeva eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetməsi sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsini xüsusilə qeyd edib.

Görüş zamanı Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparılıb.

Sonda Sevda Məmmədəliyeva qeyd olunan sahələr üzrə əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirib və görüş iştirakçılarını Bakıda cari ilin 5-6 may tarixlərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Qeyd edək ki, Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını idarə edir. Proqram Avropa Birliyi tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığına daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə