Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin laureatı olub FOTOLAR
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyev Almaniyanın Hamburq şəhərində keçirilən dirijorların beynəlxalq müsabiqəsində ("Debut in der Laeiszhalle") laureat adına layiq görülüb. Müsabiqə Almaniyanın ən məşhur konsert salonlarından biri olan "Laysexalle"də gerçəkləşdirilib. SİA-nın məlumatına görə, beş kateqoriya - dirijorluq, fortepiano, skripka, violonçel və bəstəkarlıq üzrə keçirilən müsabiqədə iştirakçıları dünya şöhrətli musiqiçilərdən ibarət olan münsiflər heyəti qiymətləndirib. Müsabiqənin nəticələrinə görə, dirijorluq üzrə Venesueladan olan Xorxe Luis İçetequi birinci, Əyyub Quliyev ikinci mükafata, Rusiyadan Dmitri Kryukov isə üçüncü mükafata layiq görülüblər.
Hamburq "Layse xalle" Filarmoniyası və "Blackmore Group" musiqi agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin bağlanış mərasimində qaliblər "Hamburq Klassik Philarmonie" orkestrinin müşayiəti ilə çıxış ediblər.
Konsertdən əvvəl keçirilən rəsmi mərasimdə çıxış edən tanınmış bəstəkar Soren Nils Ayxberq qalibləri təbrik edib, onlara diplom və mükafatlar verib.
Rəsmi hissədən sonra müsabiqənin digər kateqoriyalar üzrə qalibləri dirijorlar Ə.Quliyev və X.İ.İçetequinin rəhbərliyi altında Hamburq orkestrinin müşayiəti ilə V.A.Mosart, L.Bethoven, E.Elqar və S.Prokofyevin simfonik və instrumental əsərlərini səsləndiriblər.
Böyük maraqla qarşılanan konsert yerli KİV tərəfindən geniş işıqlandırılıb.
Qeyd edək ki, dirijor Əyyub Quliyev bir sıra müsabiqələrin laureatıdır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB