Nəriman Nərimanovun xatirə muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Ədalət gözləyən Xocalı" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk olaraq muzeyin foyesində Xocalı soyqırımına həsr edilmiş kitab, jurnal, qəzet və fotolardan ibarət sərgi ilə tanış olublar.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi xatirə muzeyinin direktoru Kamilə Hüseynova açaraq bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli qırğınlar Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Bu gün Xocalı haqqında həqiqətin dünyada çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra bu faciəyəyə siyasi qiymət verildi və ulu öndərin təşəbbüsü ilə fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova və Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli faciənin təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan xalqı dəfələrlə erməni millətçi-şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. 1988-ci ildə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Türkiyədən gəlmiş qonaq Ələddin Nalçıoğlu, Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, Beynəlxalq İnformasiya Bürosunun rəhbəri Ülkər Musazadə və başqaları xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətindən söz açıblar. Qeyd olunub ki, Xocalı faciəsinin törədilməsindən 25 il keçməsinə baxmayaraq, bu soyqırımı aktını törədənlə cəzasız qalıb. Natiqlər Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını və işğal altında olan bütün torpaqların tezliklə azad ediləcəyini vurğulayıblar.
Qanlı hadisələr zamanı əsir düşən Xocalı sakini Dürdanə Ağayeva çıxışı zamanı həmin dəhşətli gecədə baş verənləri ürək yanğısı ilə danışıb və 8 gün əsirlik həyatına həsr etdiyi "Erməni zindanında 8 gün" və yenicə çapdan çıxmış "Yarım qalmış ömürlər" kitabı haqqında məlumat verib.
Tədbirdə həmçinin gənc rəssam Günay Mehdizadənin Xocalı soyqırımına həsr etdiyi "Bir baxışla Xocalı faciəsini yaşa" adlı tablo təqdim olunub. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev əsəri şəhid şəhərə, Xocalıya bir abidə kimi səciyyələndirib. Vurğuladı ki, sənət adamları tarixi faciələrimizi sənətdə ədəbiləşdirərək gələcək nəsillərə ötürməlidir. Əsər haqqında məlumat verən Günay Mehdizadə ən böyük arzusunun qələbə tablosu yaratmaq olduğunu bildirib.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB