Milli Kitabxanada Xocalı faciəsinin 25-ci ildönümü silsilə tədbirlər keçirilir FOTOLAR
Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan "Soyqırımı muzeyi" kitabının, "Əsrin faciəsi" filminin və kitabxana tərəfindən hazırlanmış "Xocalı soyqırımı" adlı elektron məlumat bazasının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətin davamı olduğunu söyləyib. Bildirib ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə qətlə yetirilib.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.
Kərim Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində bu soyqırımın dünyaya çatdırıldığını söyləyib.
Sonra "Əsrin faciəsi" filmi nümayiş olub.
Nümayişdən sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində faciə qurbanlarının xatirəsinin anıldığını söyləyib.
Təqdim edilən kitabın əhəmiyyəti barədə məlumat verən V.Əliyev bildirib ki, kitabda istintaq materiallarına daha çox yer verilib.
Azərbaycan Respublikasının hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov Hərbi Prokurorluğun "Soyqırımı muzeyi" barədə məlumat verib. Qeyd edib ki, muzey 4 bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımlar və terror bölmələrindən ibarətdir. Diqqətə çatdırıb ki, kitab muzeyin materialları əsasında hazırlanıb.
Tarix İnstitutunun direktoru, Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, xalqımıza qarşı törədilmiş soyqırımı və faciələr haqqında tədqiqat işləri aparılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Qeyd edib ki, insan haqları, demokratiyanın tüğyan etdiyi bir dövrdə bir şəhərin əhalisinin məhv edilməsi XX əsrin ən böyük faciəsidir.
Digər çıxış edənlər xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra Milli Kitabxana tərəfindən hazırlanan "Xocalı soyqırımı" adlı elektron məlumat bazası təqdim edilib.
Tədbir iştirakçıları, həmçinin "Xocalı soyqırımı - 25" adlı kitab sərgisi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB