Bəstəkar bəstəsi ilə fəxr edir TƏQDİMAT

Bəstəkar bəstəsi ilə fəxr edir TƏQDİMAT

Bakı şəhər C.Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbində birinci yarımillik hesabat konserti keçirildi. Konseri işıqlandırmaq üçün məktəb rəbərliyi bizi də dəvət etmişdi. Dəvəti qəbul edib məktəbin hesabat konsertində iştirak etdik. Məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Məhin Orucova bizi ziyalı bir xanımla tanış etdi. Bu Kəmalə xanım Heybət qızı Əsədullayeva idi.

Konsertdə məktəb şagirdləri "Heydər Əliyev haqqında Oda" əsərini ifa etdilər. Əsər ilk dəfə idi ki, səslənirdi və müəllim, tamaşaçılara xoş təsir bağışladı. "Heydər Əliyev haqqında Oda" əsərinin sözləri Fikrət Qocanın, musiqisi isə Kəmalə Əsədullayevaya aid idi.

Hər il olduğu kimi, 2017-ci ilin birinci yarım ilində verilən hesabat konsertində C.Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbinin şagirdləri öz məharətlərini nümayiş etdirib, eyni zamanda gənc bəstəkar Kəmalə xanımın xor üçün bəstələdiyi əsəri də ifa etdilər. Konsertdən sonra Kəmalə xanımla görüşməyi qərarlaşdırdıq. Onu redaksiyamıza dəvət etdik. Bizim dəvətimizi qəbul etdi və görüşdük.

Söhbət əsnasında məlum oldu ki, Kəmalə Əsədullayeva Bakı şəhərində doğulub. Bakı Azərbaycanın paytaxtı, baş şəhəri, düşünən beyni, görən gözü, döyünən qəlbi, əl çatası ürəyidir. Damarlarında qara qızıl çağlayan, nəbzi zamanla həmahəng vuran sənaye şəhəridir. Bu gözəl şəhərdə dünyaya göz açmış Kəmalə xanım 6 saylı musiqi məktəbində təhsil alıb. Sonra Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə qəbul olunub. A.Zeynallı adına məktəbdə ilk fortepiano müəllimi Dina Zakiyevna olub.

Kəmalə Əsədullayeva Musiqi Texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra 1994-cü ildə sənədlərini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına vermiş, bakalavr və magistr pillələrini 1998-ci ildə fərqlənmə diplomu ilə bitirib.

Qeyd etmək lazımdır ki, Kəmalə Xanım Əsədullayeva təhsillə yanaşı, 190 nömrəli orta məktəbdə nəğmə müəllimi işləyib. Magistraturanı da fərqlənmə ilə bitirib. 2005-ci ildən Milli Konservatoriyada "Milli musiqinin tədqiqi laboratoriyasında" 10 il çalışmış Azərbaycan Milli musiqisi zəminində tədqiqatı genişləndirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar Kazım oğlu İmanov tərəfindən "Musiqi folkloru" şöbəsinə dəvət alır. Bu nəzərdən o, iki ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun "Musiqi folkloru" şöbəsində böyük elmi işçi vəzifəsində çalışır, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiya işi "Azərbaycan "Rast" muğam-dəstgahının şifahi ənənəli Şərq musiqisi kontekstində tədqiqi" olub. Şərq xalqlarının muğam sənəti üzrə tədqiqat işi apararaq ərəb muğamlarını (makam), İran dəstgahlarını, özbək makomlarını, Türkiyə fasıl formalarını müqayisəli şəkildə tədqiq etmiş, onları model, daxillərindəki struktur, monodik quruluş, lad-məqam, metro-ritm nəzərdən təhlil etmiş, eyni zamanda Sovet dövründən əvvəlki vaxtlarda Azərbaycan Milli musiqisi – muğam sənətinin ifa tərzlərini YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn "Qarabağ xanəndələri" adlı disklərdən dinləyərək qədim ənənələrin yenidən bərpası - varislik problemi üzrə tədqiqat işini 1993-cü ildən hazırkı günə qədər davam etdirməklə məşğuldur. Kəmalə xanım müxtəlif Şərq xalqlarının muğamlarını nota köçürüb. Məqalələri sosial şəbəkələrdə - KİV – lərdə, elmi yurnallarda dərc olunur. Beynəlxalq və ölkədaxili konfranslarda çıxış edir. Tədqiqatla paralel müəllim kimi də fəaliyyət göstərir.

Kəmalə xanım Bakı Musiqi Akademiyasında musiqişünaslıq ixtisası üzrə təhsil almaqla bərabər, görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin sinfində fakultativ olaraq dərs alıb. Təsilin nəticəsi kimi bir sıra əsərlər yazıb. Onlardan Azərbaycanın gözəl yurdu Zərdab rayonuna – sözləri polkovnik Abdulla Qurbaninin şeir mətninə "Vətən sən nə gözəlsən" əsərini bəstələyib, klip çəkilib. Kompozisiyanın ifaçısı Ramil Qasımovdur. Əsərin təqdimatı Zərdab rayonunda keçirilib.

Kəmalə xanım Əsədullayeva hazırda Ümummilli Lider, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin ümumi portretini yaratmaq üçün "Çahargah" muğamının daxili qanunauyğunluqları əsasında "Heydər Əliyev haqqında Oda" adlı kompozisiyanı yaradıb. Bu baxımdan, bir – neçə şairlərə müraciət edir. Lakin, şairlərin təqdim etdiyi söz mətni ilə onun kompozisiyası arasında vəhdət yaranmadığı üçün ən sonda respublikanın Xalq şairi Fikrət Qocayla məsləhətləşib. Fikrət Qoca yeni musiqi əsərinə şeir yazıb. Həmin əsər indi respublikada tanınmağa başlayıb.

Kəmalə xanımla söhbət əsnasında məlum oldu ki, son illər respublikamızda dövlətimiz tərəfindən mədəniyyət və incəsənətə böyük diqqət yetirilir. Bəstəkarlar öz bəstələri ilə fəxr edirlər. Misal üçün, Azərbaycan bəstəkarlarının böyük qismi simfoniya, simfonik poema, uvertüra, lövhə, süita janrında nümunələr yaradıblar. Cövdət Hacıyevin IV simfoniyası, Rauf Hacıyevin "Gənclik" simfoniyası, Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, Fikrət Əmirovun və Niyazinin simfonik muğamları Azərbaycan xalqını dünyada tanıdıb.

Kəmalə Əsədullayeva xalqını, Vətənini, dövlətini sevən xanımdır. Biz inanırıq ki, o, bundan sonra da yeni-yeni musiqi əsərləri yaradıb, xalqımıza çatdıracaqdır. Bu yolda ona uğurlar arzulayırıq.

Ceyran ƏSGƏROVA

Bütün xəbərlər Facebook səhifəmizdə