Özbəkistanda azərbaycanlı heykəltaraşın barelyefinin açılışı olacaq

Özbəkistanda azərbaycanlı heykəltaraşın barelyefinin açılışı olacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və bu ölkədəki Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda yaşamış tanınmış azərbaycanlıların irsinin təbliği, gələcək nəsillərə tanıdılması, habelə onların xatirəsinin əbədiləşdirilməsi işləri həyata keçirilir. SİA-nın məlumatına görə, bununla əlaqədar uzun müddət Özbəkistanın Səmərqənd Vilayət Rəssamlıq Akademiyasının sədri (1969-1986) vəzifəsində çalışmış, tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin Səmərqənd şəhərində yaşadığı binanın üzərinə onun xatirə lövhəsinin vurulması nəzərdə tutulub.

Xatirə lövhəsi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.

Qeyd edək ki, Eynulla Dadaş oğlu Əliyev (1937-2001) tanınmış heykəltəraş Özbəkistanda Xamzı Hakimzadə Niyazi Dövlət mükafatı laureatı olmuşdur. O, tanınmış Özbək şairi Əlişer Navoinin 550 illik yubileyi münasibəti ilə Daşkənddə ucaldılmış heykəlinin müəllifidir, habelə Özbəkistanın Katta Kurqan şəhəri, Səmərqənd vilayətinin Akdarı və Payarı rayonlarındakı Nəvai heykəllərinin müəllifidir. Onun əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyində, Moskvadakı Tretyakov Qalereyasında saxlanılır.

Əliyev 1977-ci ildə Daşkənddəki "Mirzo Uluqbek" metro stansiyasında döymə misdən dizaynını işləyib. Heykəltəraşın 2010-cu ildə 27 sentyabr tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin binasının açılışı zamanı sözügedən Mədəniyyət Mərkəzində fərdi sərgisinin də açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2016-cı ildə tanınmış azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü Yusif Hüseynovun Daşkənddə yaşadığı Yunisabad rayonu 14-cü məhəllə bir nömrəli binanın üzərinə onun xatirə löhvəsi vurulmuş və rəssamın Azərbaycan Mədəniyyət Mərkəzində fərdi sərgisinin açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə