Ekoturizm inkişaf etdirilir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Quba Turizm İnformasiya Mərkəzi və "Kənd yaşıl turizminin inkişafına dəstək" İctimai Birliyi Quba rayonunda ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə birgə tədbir həyata keçiriblər. SİA-nın məlumatına görə, tədbirdə Qubanın turizm potensialı yüksək olan və turistlərin daim marağında olan Qırmızı Qəsəbə, Qəçrəş, Qımıl, Küsnət kəndlərinin icra nümayəndəlikləri iştirak ediblər.

Turistlərin qəbul qaydalarını, onların tələbatlarını bilmək kənd qonaq evlərinin hər bir sahibi üçün zəruridir. Bunu nəzərə alaraq, tədbirdə kənd turizminin necə inkişaf etdirilməsi, bölgəyə turistlərin axınının təmin edilməsi, kənd evlərinin müəyyən standartlara cavab verməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Bildirilib ki, kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etmək mümkündür. Bu həm ailə büdcəsi gəlirlərinin artması, eyni zamanda bölgənin tanıdılması baxımından əhəmiyyət kəsb edir. Əhalinin bu sahədə maarifləndirilməsi gələcəkdə istirahətini kənddə keçirmək istəyən turistlərin sayının artmasına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə