Nazir müavini Paul Amann ilə görüşüb

Nazir müavini Paul Amann ilə görüşüb

Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Paul Amann ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Almaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ölkəmizdəki alman irsinin qorunması və təbliğindən söhbət açan xanım Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlər və əməkdaşlıq perspektivlərindən danışıb. 2017-ci ildə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunması, Azərbaycan Respublikası Prezidentinin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" 30 avqust 2016 tarixli, 2290 nömrəli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi üzrə alman tərəfi ilə əməkdaşlıq və birgə layihələrin reallaşdırılması təklif edilib.

Xanım Sevda Məmmədəliyeva YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində 2016-2017-ci illər üzrə daxil edilmiş Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı nazirliyin müvafiq əmrləri ilə yaradılmış Göygöldə Alman İcmasının Tarixi Muzeyinin və Şəmkirdə Alman İrsi Mərkəzinin təmiri, bərpası və bədii tərtibatı, habelə "Azərbaycanda alman izləri" mədəni turizm marşrutu üzrə Hacıkənd yaşayış məntəqəsində, Gədəbəy rayonunda mövzuya dair muzey tipli müəssisələrin təşkili ilə əlaqədar nazirlik tərəfindən aparılan işlər barədə danışıb.

Cənubi Qafqazda mövcud olan alman irsinin təbliği məqsədilə film çəkilişlərinin aparılması və qarşıda duran məsələlər müzakirə olunub.

Sonda mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə