Aydın İsmiyevlə Cəlil Cabbari arasında görüş olub

Aydın İsmiyevlə Cəlil Cabbari arasında görüş olub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev ilə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Mədəni İrs və Turizm Təşkilatının rəhbəri cənab Cəlil Cabbari arasında görüş baş tutub. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və İran arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Turizm sahəsi üzrə əməkdaşlığın inkişafından, zəruri hüquqi bazanın mütəmadi olaraq zənginləşdirilməsindən və qarşılıqlı turist axınının artımından danışan Aydın İsmiyev Azərbaycan və İran arasında viza rejiminin sadələşdirilməsi ilə iki ölkə arasında turist axınının intensivləşdirildiyini və ötən il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki iki ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Ölkəmizdə turizmin inkişafına dair həyata keçirilən islahatlardan danışan Aydın İsmiyev Azərbaycan və İran arasında turist mübadiləsinin daha da artırılması məqsədilə iki ölkə arasında sərhəd məntəqələrində sadələşdirilmiş keçidin təmin olunmasına dair ölkə rəhbərliyi tərəfindən planlaşdırılan işlər barədə məlumat verib.

Azərbaycan və İranda ənənəvi bayram hesab olunan Novruz bayramı zamanı İrandan Azərbaycana gələn turist sayının yüksək olacağını qeyd edən görüş iştirakçıları bu il sözügedən bayram çərçivəsində əməkdaşlıq mələlərini müzakirə ediblər. Turizm şöbəsinin müdiri bu il sayının daha da artacağı gözlənilən İran turistlərini ölkəmizdə keçirilməsi nəzərdə tutulan tədbirlərdə, o cümlədən "shopping festival"da iştiraka dəvət etdi və Novruz bayramından əvvəl ölkəmizlə tanışlıq məqsədilə infoturun təşkil olunmasına dair qarşılıqlı maraq ifadə olunub.

Turizm agentlikləri arasında əlaqələrin qurulması, Azərbaycan regionlarının və İranın Qərbi Azərbaycan vilayətinin mədəniyyət sərvətləri və turizm potensialı ilə tanışlıq məqsədilə qarşılıqlı infoturların təşkili məsələsi barədə danışılıb.

Aydın İsmiyev turizmin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi zərurətini diqqətə çatdıraraq, Azərbaycan və İranın müxtəlif regionlarını ziyarət etməklə dəmiryolu, Xəzər dənizi vasitəsilə suyolu və tibbi turizm üzrə əməkdaşlıqda ölkəmizin maraqlı olduğunu bildirib.

Sonda Aydın İsmiyev İranı cari il 6-8 aprel 2017-cı il tarixində Bakı şəhərində təşkil olunacaq "AİTF-2017" Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştiraka dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə