“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” FOTOLAR
Azərbaycan Xalça Muzeyində "Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah" mövzusunda regional seminar öz işinə başlayıb. SİA-nın məlumatına görə, seminar Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə keçirilir. Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edir.
Tədbirin açılışında çıxış edən Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova bildirib ki, regional seminar zərgərlik sənətinin müasir dövrdə inkişafına həsr olunub. Seminar çərçivəsində zərgərlik sənətinin qoruması, ənənələrin inkişafı və yenidən işlənməsi məsələləri müzakirə ediləcək, zərgərlərin muzeylərlə əməkdaşlığı ön plana çəkiləcək.
Muzeyin rəhbəri onu da diqqətə çatdırdı ki, seminarın gedişində Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası təşkil ediləcək. Sərgidə Azərbaycan, Dağıstan və Gürcüstan zərgərlərinin əl işləri nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək seminarı yüksək dəyərləndirdi. Qeyd etdi ki, bu mövzuda beynəlxalq səviyyəli konfransın keçirilməsi zərgərlik sahəsində çalışan insanların qarşılıqlı əlaqələrinə öz müsbət təsirini göstərəcək: "Azərbaycan muzeylərinin Gürcüstan və Rusiya muzeyləri ilə yaxşı əlaqələri mövcuddur: "Dağıstan və Gürcüstanda zərgərlik geniş inkişaf edib və ölkələrimiz arasında bu sənət sahəsində özünəməxsusluqlarla yanaşı, oxşar cəhətlər də var".
Mədəniyyət və Turizm Nazirliyinin hər zaman bu növ tədbirlərin keçirilməsinə dəstək verdiyini vurğulayan F.Babayev seminarın işinə uğurlar arzulayıb.
Daha sonra seminar Əməkdar incəsənət xadimi, sənətşünas Cahangir Səlimxanovun moderatorluğu ilə öz işini davam etdirir.
Qeyd edək ki, "Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah" mövzusunda regional seminar yanvarın 27-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB