Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 27-ci ildönümünə aid tədbir keçirilib

Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 27-ci ildönümünə aid tədbir keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov çıxış edərək, Azərbaycan bəstəkarlarının

20 Yanvar faciəsinə həsr olunmuş əsərləri haqqında geniş məlumat verib. O, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi yönündə onun xüsusi rolu olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan bəstkarlarının 20 Yanvar faciəsinə həsr olunmuş yüksək bədii əhəmiyyət kəsb edən əsərlər sırasında əməkdar incəsənət xadimi Azər Dadaşovun solistlər, xor və simfonik orkestr üçün 9 saylı "20 Yanvar" Simfoniyası və Əməkdar incəsənət xadimi Rauf Əliyevin Fikrət Qocanın sözlərinə xor və simfonik orkestr üçün "Azadlığa gedən yollar" Odası səsləndirilib. Hər iki əsər Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə yazılıb.

Həmçinin, bəstəkar Sərdar Fərəcovun "Vətən dara düşəndə" Marşı, Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi "Şəhidlər", "Vətən, sənin şəhidlərin", "Bayraqtəpə qartalları" və "Çağırış" mahnılarına çəkilmiş yeni klipləri nümayiş etdirilib.

Əməkdar artist Elza Seyidcahanın Məryəm Aslanın sözlərinə bəstələdiyi yeni teatrlaşdırılmış vokal kompozisiya - "Şəhidlər" Balladası solistlərin və Pantomima Teatrının aktyorlarının ifasında təqdim edildi və tədbir iştirakçılarınını böyük marağına səbəb olub.

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti üzvlərinin, tanınmış musiqi-ictimai xadimlərinin iştirak etdiyi tədbirdə musiqişünaslar - sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, həmçinin bəstəkarlar xalq artisti Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Rəna Qədimova və müəlliflər çıxış edərək, təqdim olunan əsərlər, o cümlədən Azərbaycan bəstəkarlarının yaradıcılığında 20 Yanvar faciəsinin geniş əks olunması barədə danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə