Lənkəran teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Lənkəran teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Lənkəran Dövlət Dram Teatrı fəaliyyət göstərdiyi dövrdə həmişə yerli müəlliflərin əsərlərinə müraciət edib. SİA-nın məlumatına görə, yaradıcı kollektiv özünün keçmiş ənənəsinə sadiq qalaraq Lənkəranda yaşayıb-yaradan yazıçı-publisist Hafiz Mirzənin "Ay lolo və ya əcnəbi gəlin" adlı komediyasını repertuarına daxil edib. Artıq bir neçə gündür ki, əsərin stolarxası məşqlərinə başlanılıb.

Əsərdə hadisələr keçmiş Sovetlər dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı etnoqraf qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etno­qra­fiyasını içdən öyrənməsinə şərait yaradır. Bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın. Nataşa guya etnoqrafiyanı canlı şəkildə öyrənir deyə çox məşəq­qətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə çalışır. Gültamam arvad hətta cindar Mircəfərin köməyindən də yararlanmaq istəyir. Bu zaman o, cindarın qarşısında bir vaxtlar Dərviş Məstəli şah Parisi dağıtdığı kimi, indi Moskvanın dağıdılması tapşırığını qoyur. Hadisələrin sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa artıq axşam qatarı ilə qaçıb Moskvaya qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi – "QKÇP" ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin cindar Məmmədcəfərin yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.

Tamaşanın quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalov, rejissoru Əlibala Əsgərov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Qələm Fərəcovdur.

Mart ayının ortalarında təhvil verilməsi nəzərdə tutulan səhnə əsərində əməkdar artist Sucəddin Mirzəyev, ak­tyor­lar Qızılgül Quliyeva, Sayad Əliyev, Şəbnəm Hüseynova, Miraslan Ağayev, Niftulla Əsgərov, Allahverən Babayev, Hikmət Cəfərov, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə