Vasif Eyvazzadə səfirlə görüşüb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ilə Macarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Planlaşdırma və Təhlil şöbəsinin müdiri Adam Szesztay və Macarıstanın ölkəmizdəki səfiri İmre Laszloczki arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanın multikulturalizm strategiyası və mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq fəaliyyəti barədə müzakirələr aparılıb. Macarıstan tərəfi ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq fəaliyyətinin əsas istiqamətləri, "Bakı Prosesi"nin konseptual siyasi əsasları və gələcək perspektivlərini sorğu edib.

Vasif Eyvazzadə Macarıstan tərəfinə Nazirliyin bu istiqamətdə fəaliyyəti ilə maraqlandıqları üçün təşəkkürünü bildirərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Bakı Prosesi" təşəbbüsünün beynəlxalq siyasi əhəmiyyəti və 2017-ci ilin 5-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində duran məsələlər barədə məlumat verib.

V.Eyvazzadə 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsinin ölkəmizin həm daxili, həm xarici siyasətinin mühüm uğurlarından hesab olunduğunu bildirib. Ölkə başçısının BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun və 2 ildən bir Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının Azərbaycanda keçirilməsinin təşəbbüskarı olması Azərbaycanın dünyada sülh, əmin-amanlıq və müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın qorunmasına töhfəsinin bariz nümunəsidir.

V.Eyvazzadə qeyd etmişdir ki, ölkədə multikultural mühit milli sabitliyin əsas komponentlərindən olmaqla yanaşı müxtəlif sivilizasiyalar və mədəniyyətlərarası dialoqun qurulmasında olduqca mühüm rol oynayır, beynəlxalq interkultural siyasətimizin əsas resurslarından biridir.

Macarıstan rəsmiləri ölkəmizin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq gələcəkdə bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq etməkdən məmnun olacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə