Bakıda Misir Mədəniyyət günü keçirilib

Bakıda Misir Mədəniyyət günü keçirilib

Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib. SİA-ya Misirin Bakıdakı səfirliyindən verilən məlumata görə, "Elçi daşı " layihəsi çərçivəsində keçirilən tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə əməkdaşlıq etmək, ölkələri şagirdlərə daha yaxından tanıtmaqdır. Tədbirdə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniya və Sudan səfirləri, Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcair və digər ərəb ölkələri səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra başçısının müavini Aygün Əliyeva, millət vəkili Nizami Cəfərov, Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digərləri iştirak edirdilər. Çıxışlarda Azərbaycan-Misir müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açılıb. Çox sayda qonağın və media mənsublarının iştirak etdiyi bu tədbirdə görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin müəllifi olduğu "Leyli və Məcnun" əsərinin klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açılıb.

Daha sonra şagirdlərin ifasında təqdim olunan "Leyli və Məcnun" poemasından səhnələşdirilmiş parça hər kəsdə maraq yaradıb. Eyni zamanda "Misir şagirdlərin gözü ilə" başlığı altında uşaqların rəsm əsərləri və inşa – yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən eksponatlardan ibarət sərgi də yüksək dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə