İsmayıllı rayonunda “Misgərlik maddi mədəni irsimizdir!” FOTOLAR

İsmayıllı rayonunda “Misgərlik maddi mədəni irsimizdir!” FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Yeniliyə Doğru Gənclər Fondu 2016-cı ilin dekabr – 2017-ci ilin yanvar ayları ərzində İsmayıllı rayonunun Lahıc qəsəbəsində "Misgərlik maddi mədəni irsimizdir!" layihəsini həyata keçirib. SİA-nın məlumatına görə, layihənin məqsədi – gənclərin yaradıcılıq potensialından istifadə edərək Azərbaycanın qədim misgərlik sənətini təbliğ etmək və misgərlik sənəti ilə məşqul olan insanlara onun əhəmiyyətinin nə dərəcədə vacib olduğunu hiss etdirməkdir.

Misgərlik sənəti çətin və zəhmətli peşə sənət növüdür. Aparılan tədqiqatlar və misgərlik sənətinin hazırki zamanda sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir. Ölkəmizdə misgərliyin beşiyi sayılan Lahıcda bu sənətin 251 növü var idi. Dövlətimiz, ustalar və Lahıc sakinləri bu sənəti yaşadaraq onu qoruyub indiki nəsillərə qədər gətirib çıxara bilib.

Azərbaycanda dövlət səviyyəsində qədim sənət növlərinin qorunmasına, inkişafına və təbliğ edilməsinə xüsusi önəm verilir. İncəsənət və sənətkarlıq nümunələrimiz ölkə daxilində və hüdudlarından kənarda nümayiş etdirilir və layiqincə tanıtdırılır. Bunun nəticəsidir ki, Lahıc misgərlik sənəti 3 dekabr 2015 ci il tarixdə YUNESKO-nun maddi mədəni irsi siyahısına daxil edilib.

Layihə çərçivəsində Lahıc qəsəbəsində gənclərin iştirakı ilə "Forum Teatr" üslubunda tədbir və misgərlərin əl işlərindən ibarət foto sərgi təşkil olunmuşdur. "Forum teatr"-da 25 gənc tərəfindən "Usta və onun şagirdləri", "Misgərlik sənəti zirvələri fəth edir", "Toxuculuq - Lahıc xalçaçılıq sənəti", "Misgər və onun övladları" və "Mis qabların məişətdə istifadəsi və sağlamlığımıza xeyri" mövzularında 5 tamaşa səhnələşdirilib.

Qeyri-formal təhsil metodlarından biri hesab olunan "Forum Teatr" formatı – gənclərin yaradıcılıq bacarıqlarını inkişaf etdirir və biliklərini artırır. Məhz bu metodla gənclər teatral üslubda özlərinin birbaşa iştirak edtdiyi rollar vasitəsilə digər gənc dostlarını məlumatlandırır, maarifləndirir və asudə vaxtlarını səmərəli keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə