Hindistanın tanınmış aktyoru, Bollivudun ulduzu Om Puri vəfat edib. SİA-nın məlumatına görə, 66 yaşlı aktyor, ürək tutması nəticəsində həyatını itirib. Hindistan Televiziyasının yaydığı xəbərdə bildirilir ki, Om Purinin cansız bədəni Mumbaydakı evində tapılıb. Səhər saatlarından başlayaraq, Hindistanın baş naziri, dövlət və hökumət nümayəndələri Om Purinin ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Om Puri 1950-ci il oktyabrın 18-də Hindistanın şimalında Ambala şəhərində anadan olub. Bütün həyatını hind kinosuna həsr edən aktyor, 1975-ci ildən kino həyatına başlayıb. Om Puri "Disko rəqqası", "London arzuları" və s. məşhur filmlərdə, o cümlədən Hollivudda çəkilən bir neçə filmdə rol alıb. 2004-cü ildə Om Puriyə Britaniya İmperiyasının Zabit Ordeni Fəxri adı verilib. Om Puri BAFTA, "Billur ulduz" və s. nüfuzlu kino mükafatlarının sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB