Daşkənddə bayram tədbiri FOTOLAR

Özbəkistanda dünya azərbaycanlıların həmrəylik günü və yeni il bayramına həsr olunmuş tədbirdə ilin yekunları ilə əlaqədar iki ölkə arasında dostluğun möhkəmlənməsi, Azərbaycan mədəniyyətinin, turizminin fəal təbliğatçıları Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görülüblər. SİA-nın məlumatına görə, 2013-cü ildən Özbək mətbuatında Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsi elan olunub və hər il müsabiqəyə təqdim olunan məqalələr xüsusi mükafata layiq görülür. Müsabiqə Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək mətbuatında Azərbaycan mövzusunun daim gündəmdə saxlanılması, ölkəmizin tanıdılması, təbliği məqsədi ilə keçirilir.

Müsabiqə çərçivəsində ölkəmizin tarixi, mədəniyyəti, turizmi ilə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycan mədəniyyətinin saxtalaşdırılması sahəsində fəaliyyətlərinə dair çoxsaylı məqalələr verilib.

Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə diplomatlar, Özbəkistanın nüfuzlu şəxsləri, mətbuat nümayəndələri, tanınmış soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev qonaqları bayram münasibəti ilə təbrik edib, iki ölkə arasında dostluq əlaqələrinin inkişafından danışıb.

Səfir Müsabiqəyə bir neçə nominasiyalar üzrə Özbək mətbuatında dərc olunan məqalələrin təqdim olunduğunu, mədəniyyət, mətbuat və ictimaiyyət arasında tanınmış, nüfuzlu şəxslərdən ibarət Müsabiqənin Münsiflər Heyətinin məqalələrə baxaraq ona yekun qiymət verdiyini qeyd edib.

Qeyd edək ki, 2016-cı il üçün elan olunmuş müsabiqədə "Azərbaycanda turizm", "multikulturalizmin və tolerantlığın Azərbaycan modeli", "Azərbaycan və Özbəkistan Böyük İpək yolu ilə" adlı nominasiyalar üzrə Özbək jurnalistlər Səfirlik və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları və pul mükafatları ilə təltif ediliblər.

Tədbirdə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Azərbaycanda turizm nominasiyası üzrə "Şəki Azərbaycanın qədim diyarı, tarixi memarlıq qoruğudur" adlı məqalənin müəllifi Özbəkistanın "kultura.uz" saytının baş redaktoru jurnalist Boris Babayevə, ikinci mükafat Naxçıvanın qədim tarixi haqqında yazılmış məqalənin müəllifi jurnalist Sabanina Yuliya Vladimirovnaya, üçüncü mükafat isə Azərbaycanın sağlamlıq turizmi haqqında məqaləsinə görə jurnalist Luiza Maxmudovaya təqdim edilibdir.

"Multikultiralizmin və tolerantlığın Azərbaycan modeli" nominasiyası üzrə birinci mükafat "uzbekistan today" jurnalının baş redaktoru, jurnalist Dilbar Babacanovaya təqdim edilib.

Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, tarixçi - alim Erkin Nuriddinov isə "Azərbaycan multikultiralizm ənənələrin inkişafı yolunda parlayan simvoldur" adlı məqaləsinə görə Münsiflər Heyətinin xüsusi mükafatına layiq görülüb.

Özbək mətbuatında 2016-cı ildə "Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan - sayt nominasiyasında "tnews.uz", aparıcı siyasi-analitik xəbər saytları "kun.uz" və "sharh.uz" mükafatlar təqdim edilib.

2016-cı ilin Azərbaycanla bağlı nəşr olunmuş ən yaxşı kitab nominasiyasına görə Özbək tarixçi - araşdırmaçı Şuxrat Salamovun "Карабах: Война идей" kitabı və filoloq Saodat Muxammadovanın "Müasir Azərbaycan və Özbək ədəbiyyatının xüsusiyyətləri kitabları layiq görülrüb.

Özbəkistanda Azərbaycanı, ölkəmizin mədəniyyətini fəal təbliğ edən və öz fəaliyyətləri ilə iki ölkə arasında dostluğun möhkəmlənməsinə xidmət edən soydaşlarımız da mükafatlandırılıblar.

Azərbaycan və Özbəkistanın xalq artisti, tanınmış opera rejissoru Firudin Səfərov, azərbaycanlı kinorejissor, operator Eldar Məmmədov ilin ən fəal azərbaycanlıları kimi təltif ediliblər.

Çıxış edən jurnalistlər və soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Azərbaycan Səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan və Özbəkistanın xalq mahnılarını ifa etmiş, bayram şənliyi müxtəlif musiqi nömrələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə