Turizm Şurasının ilk iclası keçirilib FOTOLAR

Turizm Şurasının ilk iclası keçirilib FOTOLAR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə yaradılanTurizm Şurasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, ölkə prezidentinin turizm sahəsində bir çox sənədlər imzalamaqla bu sahənin inkişafına təkan verdiyini diqqətə çatdırıb: "Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsir edir. Strateji yol xəritəsində həyata keçiriləcək tədbirlər sayəsində Azərbaycanda turizm iqtisadiyyatın vacib sahələrindən biri olacaq.Turizm Şurası ölkənin turizm sahəsinə real töhfə verəcək".

Nazir bildirib ki, Novruz bayramına qədər Azərbaycandakı otellərin əksəriyyəti bron edilib: "Novruz bayramına qədər Azərbaycandakı otellərin əksəriyyəti tutulub. Həmin otellərin müştəriləri arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici ölkələrdən olan turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır. Onlar öz istirahətlərini məhz Azərbaycanda keçirmək istəyirlər".

Nazir əlavə edib ki, yanvarın 10-dan "Asan xidmət" vasitəsilə yeni viza rejimi tətbiq olunacaq.

Qeyd edək ki, Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə