Ramiz Rövşənin 70 illiyi qeyd olunub FOTO

Ramiz Rövşənin 70 illiyi qeyd olunub FOTO

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin layiqli nümayəndəsi, sevilən şair, nasir, kinodramaturq və tərcüməçi Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşəni təbrik edib, onun Azərbaycan mədəniyyətində xidmətlərini vurğulayıb, yubilyarı yaxından tanıdığına görə məmnunluğunu ifadə edib.

Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb, "Mozalan" satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb.

Elə həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş "Babamızın babasının babası", "Süd dişinin ağrısı", " Şəhərli biçinçilər, "İşarəni dənizdən gözləyin", "Özgə vaxt", "Məkanın melodiyası" kimi bədii filmlər, "Mozalan" satirik kinojurnalı üçün yazılmış "Şəbih", "Söyüdlünün su dərdi", "Özbaşınalıq", "Haram tikə" və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, dərin mənada fəlsəfiliyi, insanları düşündürməsi ilə fərqlənir və onların hər biri kinomuza bəxş etdilmiş gözəl töhfələrdir.

O, həmçinin kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan bir sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.

Bir neçə şeir kitablarının müəllifi olan Ramiz Rövşənin şeirləri tanrıya, vətənə, insana olan məhəbbətdən bəhs edir. Onun şeir və nəsr əsərləri tərcümə edilərək Böyük Britaniyada, Almaniyada, Fransada, Polşada, Türkiyədə, İranda çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə