“Yeddi oğul istərəm” filmində maraqlı milli çalarlar

“Yeddi oğul istərəm” filmində maraqlı milli çalarlar

Redaksiyamıza cavan bir oğlan gəlmişdi. Yaxlnlaşıb: "Müəllim, mənim adım Rüstəmdir. Yevlax şəhərindən gəlmişəm. Sizin daimi oxucunuzam. Orada orta məktəbi bitirmişəm. Rəhmətlik atam Niftalı kişi uzun illər Yevlax şəhərində "Azərbaycan" kinoteatrında mühasib işləyib və məni də lap uşaq yaşlarımdan həmişə orada göstərilən kinofilmlərə və tamaşalara aparıb. Baxdığım kinofilmləri və tamaşaları sonra o, filmi mənim üçün təhlil edirdi. Bu artıq məndə vərdişə çevrildiyindən indi də baxdığım bütün kinofilmləri, tamaşaları təhlil edirəm. Bu yazımda "Yeddi oğul istərəm" kinofilmini müasir baxış bucağından təhlil etmişəm. Oxuyun. Əgər xoşunuza gəlsə çap edin", - dedi.

Rüstəmin yazısını oxudum. Bir yazıçı, dramaturq, rejissor kimi xoşuma gəldi. Belə qərara gəldim ki, bu yazını sizə də təqdim edim əziz oxucular. İnanıram ki, sizin də xoşunuza gələcək

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

"Yeddi oğul istərəm" filmində maraqlı milli çalarlar

Bildiyimiz kimi bu film Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illik yubileyinə həsr olunaraq, Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında çəkilmişdir. 1970-ci ildə çəkilən filmin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru Tofiq Tağızadə, əsas rollarda Həsənağa Turabov, İsmayıl Osmanlı, Hamlet Xanızadə, Həsən Məmmədov, Əbdül Mahmudov, Ənvər Həsənov, Elçin Məmmədov, Şahmar Ələkbərov, Ələsgər İbrahimov, Ramiz Əzimov oynayıblar. Film Sovet hakimiyyəti dövründə çəkilsə də, sovet hakimiyyətinin qurulmasına, komsomoçuların bəylərə, islam dininə qarşı apardığı mübarizəyə həsr olunsa da müəyyən kadrlarda olan "sətiraltı" ifadələrlə azərbaycanlılara məxsus millilik, qürur, milli dəyərlərə hörmət, adət-ənənələr öz əksini layiqincə tapmışdır. İlk olaraq biz götürək Cəlal obrazını. Komsomol olsa da bəy övladıdır və əynində komsomolçulara məxsus geyim yox, məhz milli geyimin olması, qəbrstanlıq səhnəsində Gəraybəyin "Götür gədə-güdələrini də rədd ol burdan deməsində" gədə sözünə etiraz edən yeganə şəxs olması buna bariz nümunədir. Çünki "gədədən bəy olmaz". Sovetlərin hər sətirin altında "pantürk" axtaran bir quruluşda Humayın atasına türkcə "baba" deyərək müraciət etməsinin özü də həmin dövrdə bir cəsarət idi. Dildə oxumaqdan, incəsənətdən, yetim-yesirə əl tutmaqdan, humanistlikdən, adət-ənənəyə hörmətdən dəm vuran, reallıqda isə ömründə əlinə bir kitab almayan, teatrı, incəsənəti lağa qoyan, insanları göz qırpmadan qıran, qazamatlarda ad qoyan, "100 girvənkə" taxıldan ötəri bir çətən külfəti yetim qoyan, mərdi qova-qova namərd edən, məscidə it bağlamaqla şeytana ibadət etdiyini göstərən, Sovetlər ölkəsini quranların çoxunun Mirpaşalardan, Çalpapaq Kərəmlərdən ibarət olmasını ssenari müəllifi Yusif Səmədoğlu və quruluşçu rejissor TofiqTağızadə bütöv çılpaqlığı ilə bu filmdə göstərmişlər. Milli bayramımız olan Novruz bayramı, səməni, keçəl-kosanın iştirakı ilə "kosa-kosa" oyunuda milli dəyərlərə olan hörmətimizi, nəsillərdən-nəsillərə keçən bir bayramın qadağan olunmasının yanlış addım olduğunu sübut etmişdir. Bu 7 oğul komsomol olmalarına baxmayaraq, bir Azərbaycan övladıdırlar. "Sinəsi olan yerdə kürəyini güllə qabağına verməyən", son gülləni əsr düşməmək üçün özlərinə vuran, dostluğa xain çıxmayan hansı ki, biz bunları Çalpapaq Kərəmin dilindən, son döyüşdən əvvəl Bəxtiyarın patrondaşdan bir güllə ayıraraq cibinə qoymasından, Humayın əvəzində Bəxtiyarın başını istəyən əmisinin üzünə Cəlalın tüpürməsi timsalında eşidib və gördüyümüz biz Azərbaycanlılara məxsus xüsusiyyətlərdir. Hər yerdə Allahsızlıqdan, "ateizmin"-dən danışılan Darvinin təkamül nəzəriyyəsini təbliğ edən bir quruluşda Yusif Səmədoğlu və Tofiq Tağızadə bu filmdə elə bir din şilləsi vurmuşdular ki, bəlkə də bu şillə onlara həyatı bahasına başa gələ bilərdi. Əgər həmin vaxtı Azərbaycan Dövlət Kinostudiyasının baş direktoru böyük rejissorumuz Adil İsgəndərov olmasaydı. Həmin şillələri sizin nəzərinizə çatdırmaq istəyirəm. Birincisi Çalpapaq Kərəm kimi allahsızın dəfni zamanı mollanın "Yasin" surəsi oxumaq istəməsi və komsomol başçısı Bəxtiyarın "adətdi mərdi torpağa tapşıranda Allah kəlamı" oxumasına nəinki etiraz etmək olmaz, hətta "el adətinə xor baxmaq belə olmaz" deməklə dəstəkləməsi. İkincisi Mirpaşanın məscidə it bağlamasına və bunun din əleyhinə bir mübarizə olmasını deməyinə digər komsomolçuların etirazı və onun bu addımını "xalqın min illik etiqadına tüpürmək istəməsi mübarizə yox xuliqanlıq" olmasını bildirmələri. Üçüncüsü Şahsuvarın ilin qoyun üstə təhvil olmasını göstərməsi və Bəxtiyara "sən sünni şeysən belə şeyləri bilmərsən" deməsi. Bildiyimiz kimi Novruz bayramı həmdə şiə təriqətinə görə islamın 4-cü xəlifəsi olan birinci imamımız Həzrət Əli əleyhsalamın xəlifəlik taxtına oturduğu gündür və sən sünnisən deməklə bir növ buna işarə etmiş olunur. Ən əsasıda filmin baş qəhrəmanlarından olan özündə bəylərə məxsus bütün milli çalarları əks etdirən, Gəray bəy surəti. Düşməni olsa da cavanlıqlarına, bu yaşda məhv olmalarına ürəyi ağrıyan sazda ifa olunan musiqidə də bir "Ağa-bəy" havası axtaran, məsxərəyə qoyulmasına bəylik qüruru yol verməyən, öləndə də bəy kimi ölən bir şəxsiyyət və öləndə də ironiya ilə Sovet hakimiyyətinin gücsüzlüyünü "get Sarı Şəmistana qanına-qəltan elədim Gəray bəyi deyin" deməsi bir bəyin qürurluğunu göstərir. Mən, Sovet hakimiyyəti dövründə bütün senzuralara və etirazlara baxmayaraq bizə bütün bunları çatdıran həmin vaxtı Azərbaycan Dövlər Kinostudiyasına rəhbərrlik edən SSRİ Xalq artisti Adil İsgəndərov başda olmaqla, ssenari müəllifi Yusif Səmədoğluna, quruluşçu reejissor TofiqTağızadəyə və filmin bütün yaradıcı qrupuna – ölənlərə rəhmət, qulanlara can sağlığı və təşəkkürümü bildirirəm.

P. S. Mən adicə orta məktəbi qurtarmış bir insanam. Nə kinoşünas deyiləm və nə də incəsənət sahəsində təhsil almamışam. Bir azərbaycanlı vətəndaş kimi üzümü, kino ssenaristlərə, kino rejissorlara və incəsənət sahəsinə rəhbərlik edən məmurlara tutub deyirəm: "Müstəqillik qazandığımız bu dövrdə niyə "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arşın mal alan", "Böyük dayaq", "Nəsimi" və sairə bu kimi kinofilmlər yaranmır?" Bunun səbəbi nədir? Biz hamımız bilirik ki, sovetlərin almanlar üzərində qələbəsində Bakı nefti böyük rol oynayub. Bu tarixi fikr demək olar ki, hamının yadından çıxıb. Çünki keçmiş Sovet rəhbərləri bunu bilərəkdən bizə unutdurublar. Amma 1945-ci ildə çəkilən "Arşın mal alan" kinofilmi Azərbaycanı bütün dünyada tanıdıb. Məgər Azərbaycanı dünyada tanıtmaq üçün belə filmləri ərsəyə gətirmək mümkün deyilmi?... Buna mane olanlar nədir? Niyə bizim Dövlət Kinostudiyamız hələ də bərbad bir vəziyyətdədir?...

Rüstəm NİFTALIOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə