Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib. Teatrda artıq 6 ildir ki, yaradılan "rəy kitabı"nın müzakirəsi iclasın əsas mövzusu olub. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən "rəy kitabı"nda yazılan fikir, təklif və iradlar haqqında danışıb: "Tamaşalarımızın, eləcə də aktyor və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək məqsədilə teatrda 2011-ci ildə "rəy kitabı" yaradıldı. Hər il biz bu kitabda yer alan rəy və təkliflər haqqında iclaslar keçirmişik. Bu günkü iclas isə 89-cu teatr mövsümü açılandan, bu günədək kitabda yazılan fikirlərin müzakirəsinə həsr olunub. Bildiyiniz kimi kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb. Rəylər həm uşaq, həm də böyük tamaşalarına yazılıb. Mən mütəmadi olaraq bütün rəylərlə tanış oluram. Əvvəlki rəylərlə bərabər, bu mövsümdə də kitabda yazılanların 98%-i müsbət fikirlər, gələcəklə bağlı maraqlı təkliflər, yerli və xarici dramaturqların əsərlərinə müraciətlə bağlıdır. Izləyicilərimiz səhnə əsərlərinə maraqla baxdıqlarını, çox böyük zövq aldıqlarını, gələcək tamaşaları səbrsizliklə gözlədiklərini qeyd edirlər. Bu kimi fikirlər təbii ki, bizi çox sevindirir və gələcək uğurlara stimul verir. Rəylər arasında bəzi nöqsanlar, iradlar da göstərilir ki, bu da normaldır. Çünki iş olan yerdə nöqsan da olur. Biz çalışacağıq ki, növbəti tamaşalarımızda izləyicilərimizin bizə göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldıraq".
İclasda o da qeyd edilib ki, bu tip müzakirələr gələcəkdə də keçiriləcək və yaradıcı heyət teatr və tamaşalara ünvanlanan tamaşaçı rəyləri ilə tanış ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB