Prezident təqaüdçüsü, şair, naşir, redaktor İlyas Tapdığın həyat və yaradıcılığına həsr edilmiş kitab çap edilib. SİA-nın məlumatına görə, kitabda 60 ildən çox ədəbi fəaliyyətdə olan şairin yaradıcılığı təhlil edilib, onun poeziyada qazandığı uğurlardan söz açılıb.
Kitabın müəllifi, uzun illərdir ki, aşıq sənətinin tədqiqatı ilə tanınan, Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu tanınmış şairin çoxşaxəli yaradıcılığı haqqında maraqlı məqamları ortaya çıxarıb. Kitabda İlyas Tapdığın hələ tələbəlik illərində böyük şair Səməd Vurğunun təqdimatı ilə diqqətə gətirilməsi, xalq şairləri Osman Sarıvəlli, Hüseyn Arif və digər söz adamları tərəfindən qiymətləndirilməsi barədə müxtəlif fikirlər yer alıb.
"Şeirin, sözün bağbanı" kitabında ayrı - ayrı zamanlarda tanınmış ədəbiyyat adamlarının İlyas Tapdıq haqqında yazdığı sözlər geniş yer alıb. Məsələn, həm yazarlığı, həm də ədəbi tədqiqatları ilə həmişə nəzərlərdə olan professor Mir Cəlal Paşayev şair haqqında hələ ötən əsrin 60-cı illərində belə yazmışdı: ... İlyas Tapdığın şeirləri üçün xas olan cəhətlərdən biri də lakonizm, dilinin saflığı və aydınlığıdır. Bu cəhət onun şeirlərinə aşıq poeziyasından gəlir.
Şair bizim klassik şeirimizə, aşıq ədəbiyyatına, folklora - bir sözlə əsrlər boyu davam edib gələn gözəl ənənələrimizə dərin hörmət bəslədiyindən əllaməçiliyə yol vermir, fikrini açıq - aydın, həm də poetik şəkildə deməyi bacarır. İlyas Tapdığın əsərlərini oxuyanda adam özünün maraqlı və cazibəli bir müsahib ilə üz - üzə gəldiyini duyur və yenicə tanış olduğu bu həssas müsahibi axıracən dinləməyə çalışır...
İlyas Tapdıq həm də aşıq sənətinin hələ ötən əsrin 60-cı illərindən belə alovlu təbliğatçısı, tərənnümçüsü kimi tanınmışdır. Onun təşəbbüsü, cəfakeşliyi ilə Azərbaycan televiziyası və radiosunda dəfələrlə aşıqların çıxışları təşkil edilmişdir. Aşıq sənətində "Aşıq Alı" adlı ilk telefilmin və digər aşıqlar haqqında çəkilmiş daha neçə - neçə telefilmin ssenar müəllifi məhz İlyas Tapdıq olub.
Onun Azərbaycan Aşıqlar Birliyinin yaradılması işində də müstəsna xidmətləri olmuşdur. 50 ildən çoxdur ki, şairin şeirləri həm Azərbaycanda, həm də İran İslam Respublikası və Türkiyə Cümhuriyyəti aşıqları tərəfindən həvəslə oxunmaqdadır.
Şairin çoxsaylı şeirlərinin birindən bir bənd təqdim olunur:
"Göyçə gülü " çiçək - çiçək açılır,
"Ruhani"si ondan göyçək açılır.
"Misri"sindən odlu şimşək saçılır.
Duru çeşməsini Göyçədə çəkdi,
Şimşəkdi, çiçəkdi, göyçəkdi sazım!
Xalq şairi Bəxtiyar Vahabzadə də şair həmkarını dəyərləndirmişdir: ...İlyas müxtəlif şeir formalarında yazır. O, hecada da müvəffəq olur, sərbəstdə də, gəraylıda da, qoşmada da.Yaxşı cəhət orasındadır ki, şair klassik şeir formalarına yeni məzmun verməyi bacarır...
1934-cü ildə Gədəbəy rayonunun Alnabat kəndində doğulmuş şair yazıb yaratmaqdadır.
Etibar Nadiroğlunun "Şeirin, sözün bağbanı" kitabının redaktoru və ön sözün müəllifi Prezident mükafatçısı Musa Ələkbərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB