Dekabrın 19-u xalq artisti, mərhum aktrisa Gülşən Qurbanovanın doğum günüdür. SİA-nın məlumatına görə, 1950-ci ildə görkəmli aktyor Ağadadaş Qurbanovun ailəsində anadan olan Gülşən Qurbanova 1974-cü ildə Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən -2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış edib. Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət alıb və uzun müddət AzTV-nin "Gəlin birlikdə gülək" adlı layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olub. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq edib. "Qaynar qazan" verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar aktrisa tərəfindən sevilib. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı və "Lider" telekanalına üz tutdu və "Mikser" verilişini apardı. Gülşən Qurbanovanın ilk evliliyi Gənc Tamaşaçılar Teatrının Rüstəm adlı aktyoru ilə olub. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlib. Rüstəm rejissor Yuli Qusmanın həyat yoldaşının qardaşı idi. Ancaq bu izdivac o qədər də uzun sürməyib. İkinci dəfə aktyor Mübariz Əlixanoğlu ilə evlənən aktrisa yenidən uğursuz evlilik yaşayıb. Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirib, 56 yaşında Bakı şəhərində vəfat edib. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB