Ümumrespublika rəsm və musiqi müsabiqələri qaliblərinin sərgi və konserti olub FOTOLAR

Ümumrespublika rəsm və musiqi müsabiqələri qaliblərinin sərgi və konserti olub FOTOLAR

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. SİA-nın məlumatına görə, müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi bu nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" 2016-ci il 11 oktyabr tarixli 2378 nömrəli Sərəncam imzalanıb. SİA-nın məlumatına görə, sözügedən sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 07 noyabr tarixli 360 nömrəli əmrinə müvafiq olaraq cari ilin noyabr-dekabr aylarında uşaq, yeniyetmə və gənclər arasında Rəsm və əl işlərindən ibarət "Müstəqil Azərbaycanım" adlı Respublika müsabiqə-sərgisi və Respublika musiqi müsabiqəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirin müavini Sevda Məmmədəliyeva iştirak edib.

Müsabiqələrin keçirilməsində məqsəd gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılması, uşaq, yeniyetmə və gənclər arasında təsviri, tətbiqi-dekorativ və musiqi sənətinin inkişaf etdirilməsidir.

Rəsm müsabiqəsinə 2 yaş qrupu (I qrup: 7-12 yaş, II qrup: 13-17 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq incəsənət və rəssamlıq məktəblərindən 260-dan çox şagirdin 400-ə yaxın rəsm və əl işləri təqdim edilib. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun sədrliyi ilə tanınmış rəssamlardan ibarət (Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyeva) münsiflər heyətinin qərarı ilə 32 nəfərə müsabiqənin laureatı adı, müxtəlif dərəcəli diplomlar və fəxri fərmanlar verilib.

Musiqi müsabiqəsində uşaq musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərində fortepiano, xalq çalğı, simli, nəfəs alətləri və xanəndəlik ixtisasarlı üzrə təhsil alan 500-dən çox şagird iştirak edib. Xalq artisti, professor Ramiz Quliyevin sədrliyi altında münsiflər heyəti (Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova, Əməkdar müəllim İlhamə Ağayeva, Əməkdar artist Fikrət Məmmədov, Əməkdar müəllim İkram Manafov) müsabiqədə fərqlənən şagirdləri müxtəlif dərəcəli diplomlara və fəxri fərmanlara layiq görüblər. Eyni zamanda onların müəllim və konsertmeysterləri də fəxri fərmanlarla təltif olunub.

Qeyd olunan müsabiqələrin yekun sərgi və konserti 17 dekabr 2016-cı il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə