“Misir dünya uşaqlarının gözündə”

“Misir dünya uşaqlarının gözündə”

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Qahirədə keçirilən "Misir dünya uşaqlarının gözündə" mövzusunda rəsm müsabiqəsində uğur qazanan azərbaycanlı gənc istedadların mükafatlandırılması mərasimi keçirilib. Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən SİA-ya bildirilib ki, tədbirdə müsabiqə barədə geniş məlumat verilib.

Səfirliyin mədəniyyət attaşesi, mərkəzin müdiri Əhməd Sami əl-Aydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin məqsəd və əhəmiyyətindən danışıb.

O deyib: "Bu müsabiqə iki xalqın mədəni oxşarlığının göstəricisidir. Artıq ənənəyə çevrilən və 26 ildir mütəmadi keçirilən bu beynəlxalq müsabiqədə 140 ölkədən 4-18 yaş arası uşaqlar iştirak edirlər. Müsabiqənin məqsədi müxtəlif ölkələrdən olan gənc istedadların Misirin tarixi, müasir vəziyyəti və gələcəyini öz təxəyyüllərində canlandıraraq rəsmlərdə ifadə etməsidir".

Sonra Misirin ölkəmizdəki səfiri xanım Suzan Cəmil qaliblərə uğurlar arzulayaraq onları mükafatlandırıb.

Müsabiqədə iştirak edən Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Məktəbinin 7 üzvi Misirin Mədəniyyət Nazirliyi tərəfindən üç qızıl, iki gümüş medala və sertifikatlara layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə