Xalq artistinin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib FOTOLAR
Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. SİA-nın məlumatına görə, yubiley gecəsinin əvvəlində, qonaqlar mərhum tarzənin həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olub. Yubiley gecəsinin rejissoru, Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev Həbib Bayramov haqqında ürək sözlərini, fikirlərini söyləyib. Yubiley gecəsində Möhlət Müslümovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı çıxış edib. Konsertdə, xalq artisti Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Munis Şərifovun rəhbərliyi ilə "Qədim Musiqi Alətləri" ansamblının çıxışı olub. Əməkdar artist Nuriyyə Hüseynova və saz ifaçısı Nemət Qasımovun ifası yubiley iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Həbib Bayramov 1926-cı il iyunun 26-da anadan olub. Sənətkarın repertuarında "Rast", "Şur", "Cahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tutur. Həbib Bayramov 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olub. Musiqi aləmində şərəfli həyat yolu keçmiş Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova kimi görkəmli sənətkarları tarda müşayiət edib. Tarla yanaşı Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları Milli radionun Qızıl fondunda saxlanılır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB