Azərbaycan və Rusiya arasında Müqavilə imzalanıb FOTO

Azərbaycan və Rusiya arasında Müqavilə imzalanıb FOTO

Xəbər verdiyimiz kimi, 1-3 dekabr 2016-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. SİA-nın məlumatına görə, 2 dekabr 2016-cı il tarixində forum çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Müqavilə imzalanıb.

Əməkdaşlıq müqaviləsində xalq yaradıcılığı sahəsində əməkdaşlığın inkişafı, kitabxana və muzey işi, sərgi fəaliyyəti sahəsində birgə fəaliyyətin təşviqi, kinematoqrafiya sahəsində əməkdaşlığın aparılması və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, ümumdünya irsi məsələləri ilə bağlı və mədəniyyət və incəsənət ixtisasları üzrə əməkdaşlar üçün nəzərdə tutulmuş təhsil proqramları çərçivəsində əməkdaşlıq, musiqi və sirk kollektivləri, ayrı-ayrı ifaçıları və musiqi sənəti sahəsində mütəxəssislərinin mübadiləsi, mədəniyyət və incəsənət üzrə ali və orta təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.

Xatırladırıq ki, Müqaviləni Azərbaycan Respublikası tərəfindən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyası tərəfindən isə mədəniyyət nazirinin müavini Alla Manilova imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə