Nazir müavini beynəlxalq konqresin yüksək səviyyəli görüşündə çıxış edib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Dünya sivilizasiyaları və yaradıcı turizm" mövzusunda beynəlxalq konqresin açılış mərasimində çıxış edib. SİA-nın məlumatına görə, açılış mərasimindən sonra təşkil olunan yüksək səviyyəli görüşdə çıxış edən Nazim Səmədov ölkəmizdə mədəniyyət və turizm sahələrinin vahid nazirlik tərəfindən idarə edildiyini bildirərək ölkəmizin zəngin mədəniyyətinin turizm məhsulu kimi təqdim edilməsi istiqamətində mütəmadi işlər aparıldığını və bunun Azərbaycanın turizm məkanı kimi cəlbediciliyinin yüksəldilməsinə xidmət etdiyini qeyd edib.
Azərbaycanın multikultural ölkə olduğunu qeyd edən nazir müavini xalqımızda tolerantlığın formalaşmasının səbəblərindən biri kimi tarix boyu ölkə ərazisində bütpərəstlik, zərdüştlük, xristianlıq və islam dinlərinə ibadət edilməsini göstərdi, həmçinin ölkəmizdə 200 ildən artıq müddətdir ki, yəhudi qəsəbəsinın ("Qırmızı qəsəbə") mövcud olduğunu bildirib.
Çıxış əsnasında nazir müavini Azərbaycan dövləti tərəfindən nəinki Azərbaycan xalqına, eləcə də digər xalqlara və mədəniyyətlərə məxsus irsin qorunmasına köməklik göstərildiyini vurğulayaraq, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun cari ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunması barədə məlumat verib.
Mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində müvafiq fəaliyyətin həyata keçirildiyini qeyd edən nazir müavini 2008-cı ildən etibarən bu istiqamətdə yeni əməkdaşlıq modelinin - "Bakı prosesi"nin formalaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Nazim Səmədov Azərbaycan dövləti və şəxsən ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu təşəbbüsün və qlobal hərəkatın irəli sürülməsini ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar və müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu birgə yaşamaları ilə izah etdi. Nazim Səmədov "Bakı Prosesi" haqqında söhbət açaraq 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsini də dəvət ediməsi ilə həmin tədbirdə bu yeni formatın əsasının qoyulduğunu, "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edildiyini bildirdi. Nazir müavini həmçinin "Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı 10-dan artıq Avropa dövləti dəvət olunduğunu vurğuladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün elan edilməsi ilə qlobal hərəkata çevrilən bu proses çərçivəsində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO və BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçirilmiş 1-ci, 2013-cü ilin 29 may-1 iyun tarixində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında keçirilmiş 2-ci və 2015-ci ilin 18-19 may tarixində "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda baş tutmuş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə danışıb.
Görüşün sonunda Nazim Səmədov ölkəmizin zəngin mədəniyyəti və turizm imkanları ilə tanışlıq məqsədilə Bolqarıstan turistlərini Azərbaycana səfərə dəvət edib.
2016-cı ilin 30 noyabr tarixində nazir müavini Nazim Səmədov Bolqarıstanın ən geniş izləyici kütləsinə malik "Fokus" xəbər agentliyinin radiosuna müsahibə verib. Müsahibədə nazir müavini Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, ölkəmizin zəngin mədəniyyəti və turizm imkanları barədə danışdı. Azərbaycanın Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BM ÜTT) İcraiyyə Şurasına 2017-ci ildə sədrlik edəcəyini bildirən Nazim Səmədov ölkəmizin sədrliyinin Şuranın fəaliyyətinin məhsuldarlığına müsbət təsir göstərəcəyini qeyd etdi. Sonda "Dünya sivilizasiyaları və yaradıcı turizm" mövzusunda beynəlxalq konqresin iştirakçılar üçün BM ÜTT çərçivəsində və ikitərəfli formatda əməkdaşıq və fikir mübadiləsi üçün yaxşı fürsət olduğunu qeyd edən Nazim Səmədov tədbir təşkilatçılarına təşəkkürünü ifadə edib.
Sözügedən müsahibəyə dair ətraflı məlumatı aşağıdakı linkdə əldə edə bilərsiniz:: http://www.focus-fen.net/categories/68/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB