Bakıda Birinci İndoneziya Mədəniyyət Festivalı keçirilib. SİA-nın məlumatına görə, ikigünlük festival çərçivəsində
həm də İndoneziyanın milli mədəniyyəti nümunələrini, mətbəxini əks etdirən sərgi də təşkil edilib.
Festivalın açılışında çıxış edən İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani bildirib ki, Bakıda bu tədbirin təşkilindən çox məmnundurlar. Bu ilin Azərbaycanda "Multikulturalizm ili" olduğunu vurğulayan diplomat bu mənada festivalın daha böyük əhəmiyyət daşıdığını əlavə edib. Onun sözlərinə görə, festival İndoneziyanın zəngin mədəni irsini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirmək üçün əlverişli imkandır: Eyni zamanda festival mədəniyyət, adət və ənənələr baxımından İndoneziya ilə Azərbaycan arasındakı sıx münasibətləri və oxşarlıqları da nümayiş etdirir".
Səfir bildirib ki, İndoneziya çoxmillətli və müxtəlif mədəniyyətli bir ölkədir. Diplomat qeyd edib ki, ölkəsinin Azərbaycanla münasibətləri uzun dövr ərzində formalaşıb.
Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin elan etdiyi "Multikulturalizm ili" çərçivəsində təşkil edilən İndoneziya Mədəniyyət Festivalı iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq keçirilir. Ona görə də bu, əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Nazir bildirdi ki, son vaxtlar Azərbaycanla İndoneziya arasında münasibətlər genişlənməkdədir. Onun fikrincə, festival dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə ölkəmiz arasında mədəni, siyasi, iqtisadi, turizm və təhsil sahələrində əməkdaşlığı möhkəmləndirəcək.
Daha sonra İndoneziyanın milli rəqsləri və musiqiləri nümayiş olunub. Proqram tamaşaçılar tərəfinən böyük maraqla qatşılanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB