Nyu-York şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş "Əli və Nino" filminin premyerası olub. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Qurban Səidin müəllifi olduğu və dünya ədəbiyyatının nadir əsərlərindən biri hesab edilən "Əli və Nino" kitabı əsasında çəkilmiş filmin premyerası Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan "Sunshine"də baş tutub.
Tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikiyer dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayıb, "Əli və Nino" filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib. Kris Tikliyer filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolunu qeyd edib. O bildirib ki, Leyla Əliyevanın dərin Azərbaycan sevgisi bu filmin reallığa çevrilməsində və uğurlu alınmasında mühüm töhfə vermiş faktorlardan biri olub.
Tədbirə kino sənayesinin dünyaca məşhur adlarından olan Kris Tikliyerdən başqa filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Patinkin də xüsusi qonaq qismində qatılıb. Adam Bakri nümayişdən öncə çıxış edərək "Əli və Nino" filminin fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.
Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. Səfir qeyd edib ki, mədəni irsimizin mühüm parçalarından biri olan "Əli və Nino" əsəri əsasında çəkilmiş bu film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında filmin nəhayət ki, işıq üzü görməsində xüsusi əməyi və töhfəsi olan Leyla Əliyevaya dərin minnətdarlıq ifadə edib.
"Əli və Nino" filmi premyerada Nyu-Yorklu izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını qeyd ediblər.
"Əli və Nino" filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB