Tədbirin sonunda AMEA ilə İİTKM arasında niyyət memorandumu bağlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə niyyət memorandumunun imzalanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə yazan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərancamından irəli gələn məsələlər və görüləcək tədbirlər haqqında məlumat verin. Akademik bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına xidmət edəcək:" AMEA Sərəncamdan irəli gələrək Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görüləcək".
Akademik Akif Əlizadə İİTKM ilə imzalanacaq niyyət memoranduma da toxunub. Vurğulayıb ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılmasına, elmlə islahatın qarşılıqlı əlaqəsinin təşkilinə, birgə islahat təşəbbüsləri ilə çıxış edilməsi üzrə qarşılıqlı faydalı münasibətlər qurmağa və inkişaf etdirməyə çalışacaqlar.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı " Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu və iqtisadi islahatlar" mövzusu haqqında danışıb. Məruzəsində dünya iqtisadiyyatında elmi araşdırmalara 2 trilyon ABŞ dollarından artıq vəsait xərcləndiyini deyən Vüsal Qasımlı Azərbaycanda həm dövlət, həm də özəl sektorun idarəetmə, bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyanın tələblərinə uyğunlaşaraq rəqabət qabiliyyətini yüksəldəcəyinə əminliyini bildirib. İcraçı direktor bildirib ki, qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağrışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcək:" Qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal trendlərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhvə verəcək. Azərbaycan bilik iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirəcək. Sərmayənin biliyə, biliyin isə sərmayəyə çevrilməsi hesabına daha çox dəyərin ölkəmizdə qalmasına çalışmalıyıq. AMEA-nın Yüksək Texnologiyalar Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması istiqamətində atılan müsbət addımdır. AMEA və İİTKM arasında əməkdaşlıq ölkədə bilik iqtisadiyyatı quruculuğuna öz töhfəsini verəcək".
Daha sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov fikirlərini bildirib: " AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərancamı təqdirə layiqdir. Elmin elə sahələri var ki, dövlət tərəfindən dəstək olunmalıdır. Çünki buna vəsait lazımdır. Bəzən elmi işə vəsait qoyanda heçnə əldə etmək olmur. Amma bir müddətdən sonra yüksək nəticə əldə etmək olur. Gəlin, onu da etiraf edək ki, bəzi dövlət orqanları AMEA-dan üz döndəriblər. Bu danılmaz faktdır. Akademiyanın inkişaf etməsi üçün dövlət orqanlarından çox şey aslıdır. Bunun üçün dövlət hər zaman dəstək olmalıdır".
Sonda AMEA ilə İİTKM arasında niyyət memorandumu bağlanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB