“Yeni nəfəs-2”nin qalibləri mükafatlandırıldı FOTOLAR - SƏS TV

“Yeni nəfəs-2”nin qalibləri mükafatlandırıldı FOTOLAR - SƏS TV

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təşkilatçılığı ilə reallaşan "Yeni nəfəs-2" qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mükafatlandırma mərasimində Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru, Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, kinorejissor və kinoşünas Ayaz Salayev, kinoşünas Ülvi Mehdi və digərləri iştirak ediblər.

Tədbirdə müsabiqə haqqında məlumat verən Cəmil Quliyev bildirib ki, müsabiqəyə 100-ə yaxın ssenari təqdim olunsa da, onlardan yalnız 63-ü mübarizəyə qoşula bilib: "Digər ssenarilər texniki qüsurlarına görə kənarda qalıb. Ümummilikdə müsabiqədə 43 müəllif mübarizə aparıb. Ssenarilər 5 nəfərlik münsiflər heyəti tərəfindən oxunaraq qiymətləndirilib. Ssenarilər münsiflərə kodlar vasitəsilə təqdim olunub və bunun əsasında da fərqlənən yazılar qalib gəlib".

C. Quliyev qeyd edib ki, budəfəki müsabiqə ötən dəfəkindən rəngarənliyi ilə seçilib: "Ötən müsabiqənin qalib ssenarisi Nəriman film studiyasında ekranlaşdırılıb".

Tədbirin davamında çıxış edən Ayaz Salayev müsabiqənin əhəmiyyətindən söz açıb. O bildirib ki, artıq kinoya yeni nəfəs gəlir: "Ssenari yazanlar öz yazılarında ədəbiyyatı deyil, kino xüsusiyyətləırini ortaya qoymağa başlayıblar. Bu baxımdan düşünürəm ki, müsabiqə əhəmiyyətini göstərməkdədir. Ümumiyyətlə, kino ittifaqı kino sahəsində yeni nəslin yetişməsində böyük rola malikdir".

Daha sonra çıxış edən Natiq Rəsulzadə müsabiqədə iştirak edən bütün müəllifləri təbrik edib.O bildirib ki müsabiqəyə ssenari təqdim edən hər kəs müsabiqənin qalibidir: "Ötən dəfəki müsabiqə ilə müqayisə etsək, bu dəfə ssenarilər məzmun və marağına görə fərqrənirdi".

Son söz ARKİ sədri Şəfiqə Məmmədovaya verilib. O müsabiqə iştirak edən bütün gənclərə təşəkkür edib və qaliblərə gələcək uğurları arzulayıb. O əlavə edib ki, kino ittifaqı gənc nəslin yetişməsində əlindən gələni əsirgəməyəcək.

Sonda qaliblərə diplom və pul mükafatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə