Üç ölkənin opera solistləri "Payatsı" tamaşasında

Üç ölkənin opera solistləri "Payatsı" tamaşasında

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun "Payatsı" operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, teatr rəhbərliyi tamaşadakı əsas partiyalardan birini - Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti - Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət edib.

Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcək.

Tamaşada Azərbaycanın vokal məktəbini teatrımızın solistləri - Əməkdar Artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), həmçinin Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) təmsil edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə