Tanınmış televiziya diktoru, əməkdar artist Natəvan Hacıyevanın "Televiziya dünənim, bu günüm və sabahımdır" adlı kitabının təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, kitab milli televiziyanın yaranmasının 60 illiyinə həsr edilib.
Mərasimdə çıxış edən millət vəkili Jalə Əliyeva Natəvan Hacıyevanın milli televiziyanın inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki, N.Hacıyevanın milli televiziyanın tarixində öz yeri var.
Nəşrin redaktoru, Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri Çingiz Ələsgərli isə bildirib ki, N.Hacıyeva çox dəyərli bir kitab ərsəyə gətirib: "Bu kitabla tanışlıqdan sonra əmin oldum ki, Natəvan xanım gözəl diktor olmaqla yanaşı , həm də gözəl yazıçıdır. Bunu tədqiqat işi kimi qəbul edirəm. Həmçinin, gənc nəslə tövsiyə edirəm".
N. Hacıyeva isə bildirib ki, noyabrın 6-da Azərbaycan televiziyasının 60, radiosunun isə 90 illiyi tamam olur: "Mən həyatımın 56 ilini milli televiziyada keçirmişəm. Ona görə də bu kitabı yazmağı özümə borc bildim. Həm gənc televiziya işçiləri, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda təcrübəmi bölüşmüşəm".
Sonda müəllif tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Qeyd edək ki, iki hissəli kitabın birinci hissəsi televiziyanın yaranma tarixinə, ikinci hissə isə müəllifin həyat və yaradıcılığına həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB